Bu gün qərara gəldim ki, kəndə gedib
Ustadın evində qalım. Bezmişəm, nə qədər iş gərginliyi, evdə gərəksiz
söz-söhbətlər, uşaqların dəng etməsi, dostların əyləncə məclislərinə dəvət
etməsi... Nə qədər olar? Kifayət qədər pul toplamışam. Bu mənim 7 nəsilimə də
kifayət edər. Deyilənə görə, insan mənəviyyatını da zənginləşdirməlidir. Mən
maddiyyatımı bəs qədər zəngin etmişəm. Gedib bir az da iç dünyamın xəzinəsini
doldurum. Dolduranlar məgər məndən artıqdır?! Mənə çarə qılsa, Ustad qılar.
Hamı onun başına and içir. Çox qəribə, sirli və iç dünyası zəngin adamdır.
***
Bəli, budur. Ustadın evinin qarşısında
maşınımı saxladım. Əcəb gözəl hava var. Buralar hara, şəhər hara?
Beynimin necə sakit olmasını anlada bilmərəm. Ustad da, ağacın altında qumun
üstündə oturub. Neynir, görəsən o? Hara baxır? Bir Allah bilir. Maşından düşüb,
ona yaxınlaşdım:
- Salam, Ustad.
Necəsən?
Təbəssüm edərək:
- Əleykum salam,
xoş gördük, yaxşıyam. Sən necəsən?
- Şükr ay Ustad. Allahın kölgəsindəyik hər
zaman. Sizə işim düşüb, əgər qəbul etsəz, minnətdar olaram.
Ustad, baxışlarıyla sanki qəlbimə nüfuz
etmişdi. Heç yana tərpənə bilmirdim. Sanki mənə "Uzan, yerlə sürün!"
desəydi də edəcəkdim. Ay Allah, bu necə adamdı?
- Buyur, eşidirəm. - deyə təbəssüm etdi.
Sanki, bilirdi nə istəyəcəyimi - Əlimdən gələni əsirgəmərəm.
- Ustad, bilirsən ki, qazandıqlarım yeddi
arxama bəsdir. İstəyirəm ki, iç dünyamı zənginləşdirim. Səndən etibarlı olacaq
başqa birisi yoxdur. İcazə ver, bir neçə gün səninlə qalım.
- Çətin olmaz ki?
- Yox, niyə ki? Mən o qədər çətinliklərə
dözüb öhdəsindən gəlmişəm. Mənəviyyatı zənginləşdirməkdən asan yol?
- Bəs, o zaman məni neynirsən? Niyə özün
məşğul olmursan? - deyə Ustad soruşdu.
- Bilirsənmi, sən bu yolu artıq getmisən.
Dərə təpəli yerləri də məndən yaxşı tanıyırsan. Mənə fəqət harda nə etmək
lazımdır, onu deyərsən.
- Yaxşı, oldu. - deyə Ustad köksünü örtdü.
***
Hava qaralıb. Uzaqdan itlərin ulaşma səsi
gəlir. Canıma vicvicə düşüb. Ustad isə, yumurta-pomidor bişirir. Görəsən evdə
vəziyyət necədir? Uşaqlar neynir? Ah, o balaca toppuş Günel var ha, dişləyərdim
yanaqlarından. Görəsən Fikrət dediklərimdən alacağımı götürdümü? Bu Ustaddan da
səs-səmir çıxmır. Heç bir kəlmə də kəsməyib mənimlə. Belə niyə edir görəsən?
Lap darıxdım. Yox, iki gün səbr edim, yaxşı deyil. Çıxım gedim evimə-eşiyimə.
Ürəyim sıxıldı lap.
***
Ustad süfrəni yığışdırıb, qabları yumağa
aparır. Yazıq kişi heç əməlli də yemədi. Tavanın 2/3 hissəsindən də çoxunu elə
mən yemişəm. O bu yeməklə necə dolanır görəsən? Qabları yumağa başlayarkən
birdən üzünü mənə çevirib dedi:
- İki günü niyə səbr edirsən ki? Narahat olma ailən
də uşaqların da salamatdır. Alacaqların da sənə çatar. Sən azadsan, özünü
məcbur etməklə bir şeyə nail ola bilməzsən. - deyib, bir əli ilə qəhvədanı
sobanın üstünə qoydu.
Ay Allah, bu kişi
hardan bildi ki, mən nə düşünürəm? Axı, bu barədə mən ona bir söz deməmişdim.
Yaman yerdə gecələdim. Biyabır oldum. Təkzib də edə bilmərəm.
- Ustad, siz
hardan bildiz ki, mən onları düşünürəm?
- Bilirsənmi,
insan beynini alaq otları kimi bizi əhatə edib sovuran əlavə fikir və
arzulardan təmizləsə, onun beyini saflaşaraq təmizlənəcək və duru su kimi
şəffaf olacaq. Bu zaman o başqalarının fikrini görəcək. Axı, özünü asılılıqdan
çıxaran kəs, başqalarının asılılığını daha yaxşı görür. Sən beynindəki
zibilliyi təmizləməsən, alaq otları biçməsən, oranı gülüstana çevirə bilməzsən.
Gəldiyin bir gün deyil ki, nəticə barəsində düşünürsən. Mənəviyyatı
zənginləşdirmək Universitet deyil. İnsan bu təlimi bütün ömür boyu almalıdır.
Nəticəni düşünmək insanı hədəfdən yayındırır. - Bu sözləri deyib, qurtarmış
ustad qabları da yumuşdu, onları taxçaya da qoymuşdu. Hələ üstəlik mənə həyatım
boyu unutmayacağım dərsi də vermişdi...
Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий