Buna görə də ən böyük düşməni (nəfsi) kiçikləşdirməmək lazımdır. Onu kiçikləşdirib (məğlub olub) kiçik düşmənə qarşı böyük qələbə qazanan şəxs qalib olsa belə, məğlubdur. Amma daxili düşməni zərərsizləşdirib həqiqəti tapan və onu müdafiə edən şəxs kiçik düşmənə məğlub olsa belə, qalibdir!
Deyilənə görə, qədim zamanlarda güclü və məğlubedilməz bir sərkərdə var idi. Bu sərkərdənin qarşısına çıxa biləcək bir qüvvə yox idi. O, bir çox adlı-sanlı pəhləvanların, sərkərdələrin kürəyini yerə vurmuş, onları mğlubiyyətə uğratmışdı. Bir gün adlı-sanlı bu sərkərdə döyüşdən sonra çadırına geri qayıdır. Dizlərini yerə atıb, əllərini göyə qaldıraraq yalvarmağa başlayır: "İlahi, bu yaşıma qədər məni məğlub edə biləcək bir insan qarşıma çıxmadı. Hər kim çıxmağa cəhd etdisə, onu məğlub etdim. Amma içimdə elə bir düşmən (nəfs) var ki, onunla bacara bilmirəm, onu haldan salıb, məğlub etməkdə acizəm."Bəli, mərd insan qolunun qüvvəsi ilə "möcüzələr" göstərən şəxs deyil. Xarici qüvvəsini daha çox inkişaf etdirmiş şəxslər hər nə qədər qalib belə olsalar, onların sonu məğlubiyyətlə nəticələnmişdir. Bu mübarizənin ən ümdə gedəni, insanın daxili ilə mübarizədir. Daxili düşməninə qalib gəlməyən şəxs heç vaxt xarici düşmənlə ayaqlaşa bilməz. Adətən biz daxili mənfi qüvvələrimizi ayaq altına salıb, zərərsizləşdirməyə ironiya ilə yanaşırıq. Bu bizim üçün maraqsız bir şeydir. Meydanlarda, cənglərdə rəşadət göstərmək isə bizə daha çox maraqlı gəlir. Belə bir fikirin özü də məğlubiyyətdir.
Bir zamanlar mən də daxili mübarizəyə skeptik baxışla nəzər salırdım. Bunu fərdi və ixtiyari bir amil kimi qiymətləndirirdim. Ta ki, qarşıma belə bir əhvalat çıxana qədər. Qoşun müharibədən qayıtdıqdan sonra Məhəmməd peyğəmbər qan-tər içində, yorğun halda qoşun nümayəndələrinə belə bir müraciət edir: "Xoş gəldin deyirəm, kiçik cihadı yerinə yetirənlərə. Ancaq, böyük cihad hələ də onların öhdəsində qalmaqdadır." Bəlkə də başqa cavab gözləyən döyüşçülərin yorğun simalarındakı ifadə qəfil olaraq təəccüb doğuran bir forma alır və "Böyük cihad nədir?" - deyə soruşurlar. Peyğəmbər isə onların cavabında belə buyurur: "Nəfsə qarşı cihaddır."
Döyüş meydanlarında nə qədər insan olub ki, qalib də, məğlub da olsalar eyni nəticəyə məhkum olublar. Məğlubiyyət. İnsanın çağdaş dünya mübarizəsində olan məğlubiyyətinin bir səbəbi var. O da daxilinə yenik düşməsidir. Elenora Ruzvelt deyir ki, heç kəs razılığınız olmadan şəxsi keyfiyyətsizliyinizi sizə hiss etdirə bilməz. Tamamilə doğru fikirdir. Eynən sərkərdənin davranışı kimi. Sonsuz sayda insan məğlub edib də, özünün bu dünyada kim olduğunu anlamayan şəxs məğlub olunmuşlar siyahısındadır.
Bəs nə üçün daxili mənfi qüvvəni əzib məğlub etmək bu qədər əhəmiyyətlidir? Çünki mübarizənin bir neçə şərti var: Qalibiyyət, məğlubiyyət, sülh bağlamaq və ya səssiz şəkildə bitərəf qalmaq. Lakin daxili mənfi qüvvə ilə mübarizənin yalnız iki nəticəsi var. Ya qalib olacaqsan, ya da məğlub. O nə sülh, nə də tərəfsizliyi, sakit durmağı qəbul edir. Hər zaman sənə zərbə endirməyə qadirdir. Onun bir zərbəsi səni ömürlük "əlilliyə" məhkum edə bilər ki, xoşbəxtlik bir dəfəlik olaraq səni tərk edər.
İmam Hüseyn və onun tərəfdarları daxili mübarizənin qalibləri idilər. O cür mənfur düşməni zərərsizləşdirən şəxslər üçün 30 minlik qoşun nədir ki? Nə səltənət, nə reputasiya, nə şəxsi mənafe... Onları heç nə maraqlandırmır. Hətta döyüşdən qalib çıxmaları belə. Bu necə ola bilər? Bir insan döyüşə qalibiyyət-məğlubiyyəti düşünmədən necə girə bilər? Bunun mümkünlüyünü Kərbəladakı olay bizim üçün açıqladı. Haqq həmişə qalibdir. Haqqı müdafiə edən, onun tərəfində olan kəs üçün nə bir qəm var, nə qorxu, nə də hüzn. O, haqqın üzərinə qara pərdə çəkmiş və ya çəkmək istəyən daxili mənfi düşməni ayaqlar altına sərib. O, yəqinliyin ən üstün mərhələsindədir. "Onu (nəfsi) təzkiyə edən (saflaşdıran) şəxs nicat tapmışdır" ayəsi onları mütləq qalib etmişdir. Daxili düşməninə qalib gəlməyən xalq məğlubiyyətə məhkumdur. Böyük bir inqilab etsə belə.
Britaniyalı yazıçı, publisist, tarixçi və filosof Tomas Korlayl necə də gözəl deyib: “Kərbəla faciəsindən aldığımz ən gözəl dərs odur ki, Hüseyn və onun silahdaşları Allaha necə möhkəm bir imanla bağlanmışdılar. Onlar öz əmanətləri ilə sübut etdilər ki, haqq ilə batil üz-üzə dayandığı bir məqamda batilin sayca üstün olmasının heç bir əhəmiyyəti yoxdur. Hüseyn bu azlıqla mənəvi qələbəsi məni heyrətə gətirdi.”
Buna görə də ən böyük düşməni kiçikləşdirməmək lazımdır. Onu kiçikləşdirsən, böyük qələbə qazansan belə o səni kiçik duruma salacaqdır. Amma daxili düşməni zərərsizləşdirib haqqı tapan və onu müdafiə edən şəxs kiçik düşmənə məğlub olsa belə qalibdir! İmam Hüseyn və onun tərəfdarları kimi. Qalib onlardır!
Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий