“Qaraqan” təxəllüslü Elxan Zeynallı 3 aprel
1987-ci ildə Bakı şəhərində doğulub. O, repçi, musiqiçi, yazıçı, jurnalist, Azərbaycan
Yazıçılar Birliyinin üzvü, Milli Kitab mükafatı müsabiqəsinin ilk qalibidir.
Hal-hazırda 10 romanın (9 Azərbaycan,1 Rus dillində) və 4 albomun müəllifidir.
Qaraqan 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə "A" romanı Azərbaycanda bestsellerə çevrilir. 2008-ci ildə bir müddət Amerikada yaşayır. 2008-ci ildə Azərbaycan səviyyəsində "İlin Gənci" adına layiq görülür. 2009-cu ildə Prezident təqaüdü ilə təltif olunur. 2009-cu ildə "Bir milyon dollarım olsaydı" romanı ən çox satılan kitab olur. 2012-ci ildə fantastik-dram-faciə üslubunda yazılan "Mələk" romanı MDB ölkələrində bestsellerə çevrilir. 2013-cü ilin noyabr ayında trilogiyanın birinci hissəsi "Birinci addım: Beş anonim milyonçu" təqdim edilir.. 2014-cü ilin Dekabr ayının 27-sində yazıçının "Üç addım" trilogiyasının "İkinci addım"ı çapdan çıxır. 2016-cı ildə isə "Üçüncü addım" kitabını çapdan çıxardan yazıçı trilogiyanı başa vurur. (Mənbə: Vikipedia)
Mən Qaraqanın iki kitabından başqa, demək
olar ki, bütün kitablarını oxumuşam. Qaraqan mənim üçün maraqlı yazıçıdır.
Ziddiyyətlər toplusudur. Sanki həm şirindir, həm acı. Qaraqanın “Birinci addım”
kitabını oxuyarkən, mənim diqqətimi çəkmə səbəbi uğura azərbaycansayağı baxış tərzi
olub. Bunu təqdir etmişəm ki, fərdi-inkişaf mövzusu Azərbaycanda qərb mütəxəssislərinin
baxışı ilə yox, məhz özümüzəməxsus tərzdə olmalıdır.
“İkinci addım” kitabı daha çox dini tədqiqat
üzərində cəmlənmişdi. Kitabın başlanğıcında diqqətimi çəksə də, ortalarında
gördüm ki, sadəcə oradan-buradan məlumat toplantısıdır. Elə “Üçüncü addım” da
elədir. Müəllifin nə axtardığı məlum olsa da, bəzən sanki yolunu itirb
başqa səmtə gedir. Bilinir ki, mövzusu ilə əlaqədar çox sayda məlumat toplayıb.
Lakin bu məlumatların içində itib batır. Bəzən adama elə gəlir ki, Qaraqan
oxucularının üzərində eksperiment aparır.
Düşünürəm ki, Qaraqan vaxtından əvvəl məşhurlaşdığı
üçün bu onun həyatında çox təsir qoyub. Bəzən ətrafı danlayır, onlarla kobud rəftar
edir. Kimlərisə öz aləmində düzəltmək istəyir və bunun yalnız kitab yazmaqla
doğru olduğunu güman edir. Lakin söyə-söyə kiməsə kömək etmək, elə Qaraqanın
danladığı insanların xislətidir.
O öz kitablarında tənqiddən çox istifadə
edir. Bəzən sual qoyur amma cavab vermir. Bəzən çox qəzəblənir, bəzən vecsiz
olur. Bəzən xalqı o qədər aşağılayır ki, özü də bilmədən özünü onlardan zəkalı
mövqeyə qoyur. Bəzən o qədər primitiv və naşı üslubda davranır ki, onun bu
üslubu adamda maraq yaradır. Bəzən o qədər konspirologiyanın içinə girir ki,
oradan çıxa bilmir. Elə bilir ki, məhəllə məntiqilə yola çıxmaq adamı nəyəsə
çatdıra bilər. Bəli, məhəllə məntiqi. “Məntiqlə danışaq”, “məntiqlə deyək” –
tipli nitq. Lakin bütün bunlar məntiq elmindən uzaq şeylərdir.
Qaraqanın özünü mərkəzə qoyması və ətrafı öz
çevrəsində dövr etməsinə çalışması aşkar görünür. Amma o qədər minnət qoyur, o
qədər ki, oxucunu bezdirir. O, şəfqətli ata, tərbiyəçi, qardaş, həmkar ola
bilmir. Əlbəttə, bu ona maraqlı da deyil.
Onun kitablarının ciddi redaktəyə ehtiyacı
var. Bilmirəm ki, nə üçün hər şeyə həssas yanaşan Qaraqan kitablarına qarşı belə
laqeyddir. Üçüncü Addım kitabında “məhvum” sözü o qədər çox işlənib ki, adamın əsəblərilə
oynayır. Dil bilən kəs bilir ki, “məfhum”dur. Ümumiyyətlə onun yazılarında çox
sayda belə şeylər görmək olar. Bunu qabartmaq ona görə istəyirəm ki, bəzən heç
kəsə güzəşt etməyən, başından rədd edən Qaraqanın özünə bu cür yanaşdıqda görəsən
özünü necə hiss edir.
Bütün bu tənqidlərə rəğmən, mənim üçün
maraqlı insandır. Heç kəsə qulaq asmaq istəməməyi ona mane olur. Lakin əgər
insaflı olsaydı və axtarışı üçün obyektiv olsaydı, çox sayda həqiqət tapardı.
Kitabından bir neçə ifadələr:
* Həqiqəti qəbul edin, bizlər ac küçə itlərini
düşünməyən ev itləriyik.
* Vay o kəslərin halına ki, nifrətlə saraya
hücum edib onu söksünlər və sarayı xarabalığa çevirəndən sonra anlasınlar ki,
aralarında bənna yoxdur.
* 21-ci əsr bizə birgə işləməyi və birlikdə
suallara cavab tapmağı öyrədir. Stiv Cobs Platonun da Aristotelin də etmədiyini
edə bildi. Amma yenə də onların səviyyəsində dahi olmayacaq, çünki 21-ci əsr artıq
individualların deyil, kollektiv düşüncənin əsridir.
* Mən diqqətlə qapıya baxıram və soruşuram:
- İbadət? Onlar ibadət edir?
- Hə, ibadət edirlər. Tanrı insanlığa göydən
kamança atır. Yalnız bir nəfər bu kamançanı götürüb ifa edir. Digərlərinə isə əl
çalmaq qalır. İbadət əl çalmaqdır. Yalnız tək-tük adamlar alqışlamaq yox ifa
etməyə layiq olur.
* Kitab boyu işlətdiyim hər bir fikirlə
bağlı əlavə haşiyə yazmalı oluram. Və kitab dağınıq alınır. Buna səbəb odur ki,
Azərbaycan oxucusu yetərincə savadlı deyil. Yəni “Kibernetikada” deyərkən, hələ
bir kibernetikanın nə olduğunu da yarım səhifə izah etmək lazım olur, üzrlü
sayın.
Sonda deyim ki, Qaraqan təsiredici
yazıçıdır. Təsir edə bilir. Çünki bəzi mətləbləri işıqlandırmaqdan çəkinmir.
Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий