Robin Şarma: Ferrarisini satan rahib


Robin Şarma
(18.03.1965) kanada yazıçısı, motivasiya, liderlik və şəxsi inkişaf üzrə Şimali Amerikada ən məşhur mütəxəssislərdən biridir.

“Ferrarisini satan rahib kitabı Robin Şarmanın özünü təkmilləşdirmək üzrə yazdığı kitabdır. Kitab, 25 yaşında vəkillik karyerasını bitirdikdən sonra Şarmanın şəxsi təcrübəsinə əsaslanan biznes-hekayədir.

Bu kitab 1997-ci ildə “Harper Collins” nəşriyyatı tərəfindən nəşr olunmuş, 2013-cü ilin hesabatına əsasən, üç milyon nüsxədən çox satılmışdır. Hal-hazırda kitabın beş milyondan çox nüsxəsi satılıb və bestseller hesab olunur. Şarma, "Ferrarisini satan rahib" seriyasından olan başqa kitablar da qələmə almışdır ki, bu barədə gələn yazılarda danışaram.

Qeyd edim ki, həm bu kitab, həm müəllifin özü haqqında bir çox nüfuzlu şəxslər və ya şirkətlər müsbət sözlər demişlər.

“Ferrarisini satan rahib” bütün ölkədə tanınmış, məşhur bir vəkil Culian Məntlin başına gələnlərdən bəhs edir. Culian karyerasına başlayandan yalnız daha çox pul toplamaq haqda düşünür, nəyin bahasına olursa-olsun var-dövlətini artırmaq istəyir. Bütün il boyu istirahətsiz iş prosesi onu mənəvi böhranla üzbəüz qoyur. Bir gün məhkəmə zalında tirtap yerə uzanıb özündən gedir.

Bir müddət müalicə olunandan sonra o villalarını, Ferrarisini satıb ömrü boyu arzuladığı Hindistana səyahət edir. Burada rastlaşdığı müdrik ona həyatı daha mənalı yaşamaq yollarını öyrədir. O geri qayıdıb keçmiş iş yoldaşına başına gələnləri danışır. Keçirdiyi düzgün həyat tərzi yulianı yaxşı mənada elə dəyişib ki, hətta keçmiş iş yoldaşı əvvəlcə onu tanımır.

Kitabda mənalı yaşamağın yolları göstərilib.

Mənim kitab barəsində fikrim odur ki, müəllif çox məlumatlı olduğu üçün oxucuya həddindən artıq çox məlumat verir. Bəzən hiss olunur ki, sanki bu məlumatları vermək üçün vaxtı azdır və hamısını sürətli ötürür. Culian Məntlin nə ruh durumu, nə fəlsəfi dünyagörüşü tam açılmır. Bəzən altı aya Sivana müdriklərindən belə bir dünyagörüşü öyrənməsi də adama qəribə gələ bilir. Əlbəttə ki, bu sadəcə bir nağıldır. Lakin qısa-lakonik məsləhət və praktiki göstərici istəyənlər üçün yaxşı tapıntı ola bilər. Mən kitaba 6/10 verirəm.

İndi isə keçək kitabdan paylaşmaq istədiyim bəzi yerlərə.

Deməli, müəllif özündə yeddi prinsip ehtiva edən bir məsəl çəkir. Sonra kitab boyunca hər bir rəmzi detallı izah edir. Həmin prinsiplər bunlardır:

1 – Rəmz: Gözəl bağ. Qayda: Beyninə sahib ol.

Hikmət: Beynini yaxşı “becər" – o gözlədiyindən də yaxşı nəticə verəcək. Həyatının mənası fikirlərinin keyfiyyəti ilə təyin edilir. Həyatda səhvlər yoxdur – yalnız dərslər var. Həyatındakı ləngimələri şəxsi və mənəvi inkişafın üçün yeni fürsət kimi qəbul et.

Üsullar: Qızılgülün ürəyi. Əksdüşünmə. Gölün sirri.

Sitat: Xoşbəxtliyin sirri çox sadədir: Ən çox nə etməyi sevdiyini aşkar et, sonra isə bütün enerjini həmin işlə məşğul olmağa yönəlt. Tezliklə görəcəksən ki, həyatın xoşbəxtliklə doludur.

2 - Rəmz: Mayak qülləsi. Qayda: Məqsədinin ardınca get.

Hikmət: Həyatın məqsədi məqsədin həyatıdır. Həyatda məqsədini kəşf etmək davamlı uğur gətirir. Şəxsi həyatında, sənətində mənəvi dünyanda məqsədlərin müəyyən et, sonra onları etməyə cəsarətini topla.

Üsullar: Özünü yoxlamanın gücü. Məqsədə çatmaq üçün beş metod.

Sitat: Heç vaxt cilovlanmamış sevinc hissinin əhəmiyyətini unutma. Bütün canlıların gözəlliyini duymağa can at. Bu gün, hazırkı ən böyük hədiyyədir. Məqsədinin ardınca get. Yerdə qalan nə varsa kainat onun qayğısına qalacaq.

3 - Rəmz: Sumo pəhləvanı. Qayda: Kayzen təcrübəsi.

Hikmət: Özünə sahib olma sahib olmanın DNT-sidir. Xaricində olan uğur daxilindəki uğurdan başlayır. Maariflənmə ardıcıl olaraq beynini, bədənini və ruhunu inkişaf etdirməkdən irəli gəlir.

Üsullar: Qorxduğunu etməyə çalış. Nurlu yaşamaq üçün 10 qədim Ayin.

Sitat: Kainat qoçaqları sevir. Sən həyatını ən yüksək səviyyəyə çatdıranda qəlbinin gücü səni möhtəşəm “xəzinəyə” doğru aparacaq.

4 - Rəmz: Çəhrayı kabel. Qayda: Nizam-intizamla yaşa.

Hikmət: Nizam-intizam xırda hərəkətləri davamlı təkrar etməklə əldə edilir. Sən şəxsi intizam adlı rüşeymi nə qədər çox “yemləsən”, bir o qədər çox tez “yetişəcək”. İradə reallaşan həyatın əsas qaydasıdır.

Üsullar: Mantralar; Yaradıcı təsəvvür etmə. Sakitliyə and içmək.

Sitat: Sənin beyin adlı sarayına sürünərək girmiş zəif fikirlərə qarşı müharibə et. Bu halda onlar daha lazımsız olduqlarını görüb çağırılmamış qonaq kimi geri dönəcəklər.

5 – Rəmz: Qızıl saniyə. Qayda: Vaxtına hörmət et.

Hikmət: Vaxt sənin ən qiymətli malındır və o bərpa olunan deyil. Prioritetlərinin ardınca get və tarazlığı saxla. Həyatını sadələşdir.

Üsullar: Qədim 20 qaydası. ”Yox”deməyə cəsarət et. Ölüm yatağı mentaliteti.

Sitat: Həyat barmaqlarımız arasından qum kimi sürüşüb düşür. Heç vaxt geri qayıtmır. Hələ erkən çağlarından vaxtının qədrini bilənlər onları qane edən həyata sahib olurlar.

6 –  Rəmz: Ətirli qızılgüllər. Qayda: Fədakarlıqla başqalarına xidmət et.

Hikmət: Həyatının keyfiyyəti başqalarına verdiyin töhfələrlə zənginləşir. Hər günün müqəddəsliyindən istifadə edib daha çox ver. Başqalarının həyatını işıqlandırmaqla öz həyatın da ən yüksək zirvəyə çatır.

Üsullar: Hər gün xeyirxahlıq et. Kim nə istəsə ver. Daha çox əlaqələr qur.

Sitat: Həyatda edəcəyin ən böyük alicənablıq verməkdir. Böyük məqsədinə doğru irəlilə.

7 – Rəmz: Almaz cığır. Qayda: İndiki vaxtı bağrına basıb qucaqla.

Hikmət: İndiki zamanı yaşa. Hazırkı vaxtın hədiyyəsini dad. Heç vaxt xoşbəxtliyini nailiyyətə qurban vermə. Həyat adlı səyahətdən həzz al və hər gününü sonuncu gün kimi yaşa.

Üsul: Uşaqlarının uşaqlıq illərini yaşa. Olanına şükür et. Taleyini özün yarat.

Sitat: Hər birimizin bu dünyada xüsusi bir missiyamız var. Keçmişinin əsiri olmaqdan əl çək, gələcəyinin memarı ol.

Qeyd etdiyim fikirlər:

* Başqa insanlardan üstün olmaqda heç bir alicənablıq (kəramət) yoxdur. Əsil alicənablıq öz keçmişindəki mənindən üstün olmağındadır.

Başqalarının həyatını öyrənənlər müdrikdir. Özlərini öyrənənlər isə maarifçidir

* Sən kitablardan nəsə götürmürsən, kitablar səndə nəsə üzə çıxarır. Kitablar təzə heç nə öyrətmir. Sadəcə, kitablar sənə içində olanı tapmaqda kömək edir. Bax, maariflənmə elə budur.


Fərid Abdullah


 

 

Комментариев нет:

Отправить комментарий