ALLAH ZÜLMƏ, HAQSIZLIĞA GÖZ YUMURMU?

Bir neçə nöqtəyə diqqət etmək lazımdır:
1 – Allah-taala mütləq haqdır. Tamamlilə haqq və ədalətlə rəftar edir, bütün məzlumların haqqını zalımlardan alır. Necə ki, buyurmuşdur: “Rəbbin heç kəsə haqsızlıq etməz!” (Kəhf, 49) Həmçinin buyurur: “Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı? Sizə nə olub, necə hökm verirsiniz?” (Qələm, 35-36) “Həcc” surəsinin 62-ci ayəsində belə buyurulur: “Bu belədir. Çünki Allah Haqdır. (Kafirlərin) Ondan başqa yalvardıqları isə batildir”.
2 – Burada bir problem vardır. O da “Allah mütləq haqdırsa,ədalətlə rəftar edirsə, onda nə üçün dünyada bu qədər zülm var? Nə üçün Allah zalımların zülmlərininq qarşısını almır?” – deməkdir. Bunun cavabı aydındır:  Bəşərin yaşayışının əsası azad seçim üzərindədir. Bu da hamılıqla sınağa çəkilməkdən ötrüdür. Daha məcburiyyət və xoşagəlməzliklə vadar etməkdən söz gedə bilməz. Əgər belə olmasaydı təkamül baş verə bilməzdi.

İnsanın yaradılışındakı hədəf odur ki, ixtiyari surətdə əməl görməklə öz kamalına çatmış olsun. Rəvayətdə gəlmişdir ki, Allah Musanın səhifələrində belə buyurmuşdur: “Ey bəndələrim, heç şübhəsiz, (məxluqatı) yaratmamışam ki, azlıqdan onların vasitəsilə daha artığına nail olum, (hansısa) bir vəhşətdən onlar vasitəsilə ünsiyyət qurum (Özümə munis seçim), onlar vasitəsilə hər hansısa aciz qaldığım bir şeyə görə kömək umum, (nə isə) bir mənfəət qazanım, (hansısa) bir zərəri dəf edim. Belə ki, əgər göylərin və yerin əhlindən olan məxluqatımın hamısı mənə itaət etmək və bəndəçilik etmək üzərində bir yerə toplanmış olsaydılar, gecə və gündüz bundan süstləşmiş olmasaydılar belə, bu, Mənim mülkümdə heç bir şey artırmazdı. Mən bundan münəzzəh və ucayam” (İləlüş-şəraye, c.1, s.13)
Başqa bir rəvayətdə İmam Sadiqdən belə nəql olunmuşdur: “Allah oyun-oyuncaq üzündən bəndələri yaratmamışdır (və onlara öhdəçilik qoymamışdır). Əksinə, onları yaratmış və itaət etməyə öhdəçiilik qoymuşdur ki, bu yolla (təkamülə çatsınlar və) cənnətə, Allahın razı qalmasına yetişsinlər. Onları o üzdən yaratmamışdır ki, onlar vasitəsilə bir mənfəət ələ gətirsin, yaxud hər hansısa bir zərəri özündən uzaqlaşdırsın. Əksinə, onları yaratmışdır ki, onlara mənfəət versin və onları əbədi nemətlər məskənində qərarlaşdırsın”. (Biharül-ənvar, c.5, s.313)
İnsanın təkamülü elə bir şey deyil ki, onu məcburiyyətə əsaslanaraq yaratmış olsun. Əksinə, uzun-uzadı bir yoldur ki, insanlar yola qədəm qoymaq, iradə, qərar və ixtiyari davranışları ilə onu əldə etsinlər. İndi əgər bir kəsdən zorla və məcburiyyətlə pul alıb, adını da hər hansı bir xəstəxanaya yardımdır – qoysalar, belə bir əməl əxlaqa və təkamülə sığırmı? Sözsüz ki, xeyr. Ancaq əgər o öz iradə və meylinə əsasən, hətta 1 manat olsa belə, müqəddəs hədəf uğrunda kömək etmiş olsa, ona nisbətdə əxlaqa uyğun kamal yoluna qədəm qoymuş olur....
Bunlardan belə nəticə alırıq ki, Allah bir sıra əmrlər, öhdəçiliklər, tərbiyəvi proqramlar vasitəsilə bu yolu bizim üçün ayırd etmişdir. Biz də öz seçimimizlə bu yolu seçirik. İndi əgər “Allah dünyada qeybi qüdrətilə zülmkarların qarşısını almalıdır” – desələr, belə cavab verməli olacağıq: Bəşərin yaşayışının əsasın azad seçim üzərindədir. Səbəbi də sınağa çəkilməsi üçündür. İnsan məcbur və ikrah dolu rəftara vadar edilməmişdir. Belə olmasaydı təkamül edə bilməzdi. Əgər zülmkar insanlar zülm etdiklərində dərhal əzaba mübtəla olduqlarını görmüş olsaydılar, onda kimsə özünə zülm etməyə cəsarət etməz, hamılıqla robot kimi məcburiyyət qarşısında düzgünlük yolunu tutardılar. Aydındır ki, belə bir məcburi hidayətin heç bir faydası yoxdur. Çünki təkamül ixtiyaridir. Onun dəyəri vardır. Odur ki, Allah bəzi şeyləri Qiyamətə saxlayır ki, yuxarıda qeyd edildiyi kimi məzlumların haqqını alsın. Düzdür, dünyada da bunun bənzərinin gerçəkləşməsi mümkündür. Lakin qeyd edək ki, Hitler kimi insanın yüz minlərin qanına bulaşmış durumunu heç bir dünyəvi məhkəmə sistemi yuyub təmizləyə, yaxud cəzasını verməyə qadir deyil. Hətta edam olunsa belə, bu, məzlumun haqqı ödənmişdir – anlamını daşımır.

Həm də maraqlıdır ki, “Nə üçün Allah göz yumub, zülmün qarşısını almır” – deyə fəryad çəkən insanları nəyəsə vadar etsən, onlara məcburi seçim qoysan bundan imtina edib, bu dəfə buna ədalətsizlik deyəcəklər. 

Комментариев нет:

Отправить комментарий