Quranda əsasən, ərəblərdən başqa digər qövmlərə işarə edilməmişdir. Məsələn,
çinlilər, hindlilər, yaxdud amerika hinduları kimi kəşf olunmamış qövmlərdən
söz açılmamışdır.
Quranda zikr olunan heyvanlar o heyvanlardır ki, bu yarımada rast gəlinənlərdir.
Məsələn, çəyirtkə, dəvə və s. Heç yerdə, məsələn, bəbir, pələng, ağ ayı kimi
heyvanlardan danışılmayıb.
Meyvələr də bu cürdür, zeytun, xurma, nar, əncir kimi meyvələrdən danışılmış,
digər meyvələrin adları çəkilməmişdir.
Təbiət hadisələrindən də həmçinin ildırım, şimşək, tufan kimi hadisələrdən
söz açılmış, qar, şaxta kimi şeylərə toxunulmamışdır.
Bu cür irada belə cavab vermək mümkündür
İlk öncə qeyd etməliyik ki, İslam dini ümumdünya və cahanşümul bir
dindir. Onun xitabı Qiyamət gününə qədər bütün insanlaradır.
Allah Quranda buyurur: “De: “Ey insanlar! Şübhəsiz ki, mən
sizin hamınız üçün Allahın elçisiyəm”. (Əraf, 158)
Həmçinin buyurur: “Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq
edən (bir peyğəmbər) kimi göndərdik”. (Səba, 28)
Habelə buyurur: “Biz səni insanlara elçi göndərdik”.
(Nisa, 79)
“Ənbiya” 107-də isə buyurulur: “Səni də aləmlərə ancaq bir rəhmət
olaraq göndərdik”.
“Furqan” surəsinin 1-ci ayəsində qeyd olunur: “Aləmləri xəbərdar
etməsindən ötrü Öz quluna Furqanı (Quranı) nazil edən (Allah) necə də
xeyirxahdır!”
“Ənam” surəsinin 19-cu ayəsində buyurulur: “Bu Quran mənə vəhy
olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim”.
Həmçinin aşağıdakı ayələr də ona şahidlik edir ki, Quran təlimləri və
İslam əhatəli və ümumidünyəvidir: “Səff”, 9; “Nisa”, 170; “İbrahim”, 1; “Ali
İmran”, 138.
Quranda yer kürrəsinin bəzi ərazilərindən söz açılmaması, bəzi təbiət
hadisələrinə, meyvələrə, heyvanat aləminə toxunulmaması qəribə bir şey deyil.
Çünki Quranda işarə olunmayan başqa şeylər də vardır. Aydındır ki, bu fikir
Quran üçün nöqsan sayılmır. Çünki Quran ensiklopediya kitabı deyildir. Orada hər
bir şeyin adlarının olması kimi bir zərurət də yoxdur. Quran toplu kitabdır –
dediyimiz zaman məqsədimiz budur ki, insanın kamala, axirət və dünya səadətinə
yetişməsi üçün möhtac olduğu şeylər Quranda bəyan olmuşdur.
“Nümunə” təfsirində oxuyuruq: Quran tərbiyə və insan düzəldən bir
kitabdır ki, fərd və cəmiyyətin bütün mənəvi və maddi istiqamətlərdə təkamülü
üçün nazil olmuşdur. Hər o şey ki, bəşərin hidayəti üçün lazımdır, orada bəyan
olmuşdur. Yoxsa, Quran böyük bir ensiklopediya kitabı deyil ki, elmin bütün
hissələri, riyaziyyat, coğrafiya, kimya, fizika, biologiya və sair şeylər orada
olsun.
O səbəbdəndir ki, Allah-taala buyurmuşdur: “Biz Kitabı sənə hər
şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə
olaraq nazil etdik”. (Nəhl, 89)
Yəni hər o şey ki, insanların hidayəti üçün lazımdır, Quranda bəyan
olmuşdur. (Nümunə təfsiri, c.11, s.361)
Allah hikmət sahibidir, heç vaxt həqiqətdən kənar deyil, əyləncə və
bihudəçilik Ondan uzaqdır. Onun sözü də həqiqət və hikmətdən ayrı deyil. O özünə
hərzə və bihudə libası geyindirməz. Necə ki, buyurmuşdur: “Bu, hikmətli
Kitabın ayələridir”. (Yunus, 1)
“Hud” surəsinin 1-ci ayəsində buyurur: “(Bu,) Müdrik, (hər şeydən)
Xəbərdar (olan Allah) tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı
izah edilmiş bir Kitabdır”.
“Yasin” surəsinin 2-ci ayəsində buyurur: “And olsun hikmətli Qurana!”
İndi aydın oldu ki, Quran hikmətli kitabdır, bir an olsun belə, hikmətdən
ayrı deyil.
Diqqət etmək lazımdır ki, Quranın xitab etdiyi kəslər Quran nazil
olduğu gündən Qiyamət gününədək olan bütün insanlardır. Hikmət buna hökm edir
ki, bu kitabda elə kəlmə və cümlələr işlədilsin ki, bütün xitab olunanlar onu
başa düşə bilsinlər. Odur ki, Quranı həm Peyğəmbərin dövründə olmuş ərəb
camaat, həm də Qiyamət gününədək olacaq bütün insanlar anlaya və istifadə edə
bilsinlər.
Əgər Quranda Peyğəmbər dövründəki ərəblərin başa düşə bilməyəcəyi,
yaxud Peyğəmbər dövründəki ərəblərdən başqa heç kəsin anlamayacağı cümlələr və
ifadələr işlədilmiş olsaydı, onda hər iki halda Qiuran mənasız və hikmətli
olmaqdan çıxmış olardı.
Odur ki, Quranın cümlələrinin həmahəngliyi və məfhumlarının bir-birinə
uyuşması xitab etdiyi kəslərin fəhmi ilə uyğun gəlir. Yəni nəinki Quran üçün
nöqsan sayılmır, əksinə, onun səmavi və hikmətli olmasına şahidlik edir.
Комментариев нет:
Отправить комментарий