Rövşən Abdullaoğlu - Qorxular


Bir xeyli müddət öncə əzizimiz Rövşən Abdullaoğlu mənə əksər kitablarını imzası ilə birlikdə hədiyyə etmişdi. Mənim üçün çox xoş təsir bağışlamışdı. İnşallah, hər biri haqqında ayrıca fikrimi yazmağa çalışacağam. Lakin kitablarının arasında “Qorxular” adlı kitabı yox idi. Səhv etməsəm, o vaxt nəşri bitmişdi. Qorxular mövzusu mənim üçün maraqlı mövzudur. Təsadüfən, bu yaxınlarda kitab sərgisinə gedərkən “Qədim Qala”nın şöbəsində bu kitabı gördüm və aldım. Rövşən müəllimin tək imzasız kitabı oldu kitabxanamda.

Kitabla tanışlıq üçün qeyd olunur: Qorxu hissi insan təbiətinə xas olan ən ağır psixolofi duyğular cərgəsindədir. Bu kitab qorxularından bezmiş və nəhayət, onların əsarətindən qurtulmaq İstəyən insanlara ünvanlanıb. Qorxulanını yenməyən kəs ömür boyu kölə həyatı yaşamağa məhkumdur. İnsan qorxularından agah olarsa, bu barədə lazımi məlumatlarla silahlanarsa, hisslərini idarə edə və nəticədə qorxularına qalib gələ bilər. Bu kitabın mütaliəsi qorxu zindanında məhkum olan birinin əzablardan qurtulmaq üçün ata biləcəyi ilk mühüm addımdır.

Müəllif kitabda qorxu haqqında araşdırdığı mətləbləri sadə, axıcı şəkildə qeyd edib. Həm də teoloq olduğu üçün dinin də buna baxışını əlavə edərək məsələni əhatəli edib. Sözsüz ki, qorxu məsələsi bir kitabın işi deyil. Ona görə də müəllif tez-tez oxucunu başqa kitablarına yönəldir ki, orada bu haqda danışmışam.

Özüm üçün qeyd etdiyim bəzi şeyləri paylaşıram:

* Qorxu və təşviş ayrı şeylərdir. Birincisi real, ikincisi mənəvidir.

* Qorxu emosiya, qorxaqlıq isə davranış formasıdır.

* Qorxu Əxlaq elmində qəzəb mövzusunun tərkibindədir. Belə ki, qəzəbin təfriti qorxaqlıq, orta həddi şücaət, ifratı isə dəlisovluqdur.

* Qorxmazlıq imtiyaz deyil, bəzən xəstəlikdir.

* Qorxmağımız mühüm deyil, mühüm olan qorxaq davranmamağımızdır.

* İspan psixoloqu Xose Antonio Marinanın belə bir maraqlı müqayisəsi var: “Hər hansı bir təhlükə kəskin narahatlıq hissi yaradan zaman subyekt qorxu hissi keçirir... Vəziyyət nəzarətdən çıxır və bu ssenarilərdən biri fəaliyyətə keçir: qaçmaq, mübarizə aparmaq, donub qalmaq, təslim olmaq. Belə hallarda ceyran qaçır, öküz həmlə edir, böcək özünü ölülüyə vurur, canavarlar isə özlərindən güclü və nüfuzlu erkək canavarlarla qarşılaşarkən təslimiyyət davranışları nümayiş etdirirlər. Biz insanlar isə bu halların hamısını özümüzdə cəm etmişik”.

* Insan ölümü düşünən zaman qorxur. Bu qorxu onu vadar edir ki, anlasın: ölüm yanlış və mənasız həyat tərzinin, puç xəyalların sonudur. Yanlış fikirlər, istəklər, xəyallar və qondarma cəmiyyətin təbliği əsasında formalaşmış “eqo”nun ölümü və yeni “mənin dirilişidir. Bu qorxu zamanı insan dərk edir ki, indiyədək düzgün həyat tərzi sürməyib, çox şeyi əldən verib, fürsətləri dəyərləndirməyib. Qurtulmaq, doğru yola qayıtmaq istəyir, həyatını yenidən başlamaq, arzuların və xam xəyalların deyil, real həyatın dalınca getmək istəyir. Ölüm qorxusu insanı oyanmağa səsləyir. İnsan bu qorxu zamanı nələrin baş verdiyini, həyatın mahiyyətini, özünün hara getdiyini, həqiqətin nə olduğunu dəqiqliklə anlamır. Bircə onu bilir ki, məna var, dəyişməz dəyərlər və həqiqətvar, indiyə kimi yaşadığı həyat yanlışdır. Anlayır ki, həyat fəlsəfəsini dəyişmək lazımdır. Ancaq necə? Bax bunu tam anlamır. “Əvvəlki kimi yaşamaq olmaz” - bu, aydındır. “Bəs necə yaşamaq lazımdır?” - bu isə, təəssüf ki, çox qaranlıqdır.

Sonda qeyd edim ki, kitab məlumat xarakterlidir. Arada bir-iki maraqlı mövzu var idi. Sosiallaşma qorxusu və problemdən qaçmaq. Müəllif problemi o qədər gözəl qabartdı ki, onun həll yolları, təəssüf ki, işıqlandırılmadı. Çox güman başqa kitablarında işıqlandırıb.

Fərid Abdullah

Комментариев нет:

Отправить комментарий