"Dəfn
gecəsi namazı", onun qılınma qaydası, hökmləri və haqqında bəzi məlumatlar
(ARAŞDIRMA)
Dəfn
gecəsinin namazı müstəhəb namazlardandır. Bu namaza hədiyyə namazı da deyilir.
Xalq arasında isə daha çox vəhşət namazı kimi tanınır. Meyit üçün birinci qəbir
gecəsində qılınır. Vaxtı gecənin əvvəlindən sübhə qədərdir. Qılınmasının ən
üstün vaxtı isə İşa namazından sonradır.
Bu
namazın adları Hədiyyə namazı (Hürr Amili, Vəsailüş-Şiə), Dəfn gecəsi namazı
(Seyid Kazim Yəzdi, Urvətul-Vusqa) və Vəhşət namazıdır (Təhrirul-Vəsilə). Bu
namaza ona görə vəhşət namazı deyilir ki, təzəcəcə dünyadan köçmüş adam hələ
qəbir aləmi ilə tanış və ünsiyyətdə olmadığına görə özlüyünddə qorxu və vəhşət
hissi keçirir. Bu namaz ilahi fəzilət sayəsində vəhşəti onun üzərindən
götürməyə səbəb olur. Deməli, əslində bu namaz vəhşəti aradan götürəndir,
vəhşət namazı deyil.
Fiqh
mənbələrinə əsasən, dəfn gecəsi namazı aşağıdakı iki formadan biri kimi
qılınır:
Birinci
forma: Birinci rəkətdə bir dəfə "Fatihə" və iki dəfə
"İxlas" surəsi oxunur. İkinci rəkətdə isə bir dəfə "Fatihə"
və on dəfə "Təkasur" surəsi oxunur. Namazın salamları verildikdən
sonra deyilir: "Allahummə salli əla Muhəmmədin və Ali Muhəmməd vəb`əs
səvabəha ilə qəbri fulan ibn filan (Fulan ibn fulanın yerinə ölən şəxsin özü və
atasının adı deyilir. Məsələn Məhəmmədin oğlu Əli)
Salamlardan sonra oxunan duanın tərcüməsi: "Ey Allahım, Məhəmməd və
Məhəmməd ailəsinə salavat göndər. Onun (yəni bu namazın savabını) filankəsin
oğlu filankəsə göndər".
İkinci
forma: Birinci rəkətdə "Fatihə" surəsindən sonra
"Ayətül-Kürsi" oxunur. Əksər müctəhidlərin nəzərinə görə ehtiyata
əsasən "Bəqərə" surəsinin 255, 256 və 257-ci ayələri oxunmalıdır.
Ancaq bəzi fəqihlər də vardır ki, təkcə 255-ci ayəni oxumağı kifayət bilir.
İkinci rəkətdə isə "Fatihə" surəsindən sonra on dəfə "Qədr"
surəsi oxunur. Namazın salamından sonra deyilir: "Allahummə salli əla
Muhəmmədin və Ali Muhəmmədin vəb`əs səvabəha ilə qəbri fulan ibn fulan".
(Təhrirul-Vəsilə)
Namazın
hökmləri
- Əgər bir nəfər Dəfn gecəsi namazını hər iki cür qılsa daha üstündür.
(Təhrirul-Vəsilə)
- Dəfn gecəsi namazını qəbrin birinci gecəsindən (gecənin əvvəlindən sübhə
qədər) hər mövqedə qılmaq olar. Ancaq ən üstün gecənin əvvəlində işa namazından
sonra qılmaqdır.
- Əgər meyiti uzaq bir şəhərə aparmaq istəsələr, yaxud başqa bir cəhətə görə
dəfn təxirə düşsə, onun üçün qılınan Dəfn gecəsi namazını da birinci qəbir
gecəsinə qədər təxirə salmalıdırlar.
- Bir nəfərin bir neçə dəfə bu namazı savab hədiyyə etmək qəsdilə qılması
caizdir.
- Bir meyit üçün bir namaz qılmaq kifayət edir. Bu namazı qırx nəfər
tərəfindən, varid olma niyyəti olmadan qılınması daha üstündür. (Yəni nə qədər
çox adam qılsa yaxşıdır. Amma bu o demək deyil ki, bunun bu şəkildə qılınması
varədə nəss varid olmuşdur)
- Əgər bir adam bu namazı səhv edərək yanlış qaydada qılsa, gərək yenidən
qılsın. İstər "Qədr" surəsindən bir ayəni deməyi unutsun, istərsə də
"Ayətül-Kürsi"dən səhvən bir ayə oxumasın.
- Dəfn gecəsi namazı üçün zəhməthaqqı almaq, yaxud qılması üçün başqasına
zəhməthaqqı vermək caidir. Ehtiyat budur ki, namazqılanlara hədiyyə, yaxud
ehsan etsin. O da bu namazı mal əldə etmək niyyətilə qılmasın.
Bu
namazı qılmağın savabı
Peyğəmbər bu namazı qılmağın savabı haqqında belə buyurmuşdur: Heç bir saat
meyitə (qəbirə qoyulduqdan sonra) birinci gecə kimi sıxıntılı gəlmir. Ona görə
də ölülərinizə sədəqə (vermək) ilə rəhm edin. Belə ki, (bir şey) tapmasanız,
biriniz iki rəkət namaz qılsın, birincidə "Fatihətül-Kitab"ı bir dəfə,
"Qul huvəllahu Əhəd"i ("İxlas" surəsini) iki dəfə, ikincidə
isə "Fatihətül-Kitabı" bir dəfə, "Əlhakumut-təkasur"u
("Təkasur" surəsini) isə on dəfə oxuyar. (Namazın axırında) salam
verər və deyər: Ey Allahım, Məhəmməd və Ali Məhəmmədə salavat göndər, onun
savabını bu filankəsin oğlu filankəs meyitin qəbrinə göndər. Beləliklə, Allah
elə həmin vaxt meyitin qəbrinə min mələk göndərər. Hər bir mələyin üzərində
libas və hüllə (hüllə də ağ libasa deyilir) olar. Onun qəbrini sur çalınan günə
qədər darısqallıqdan genişlədər. Namaz qılan kəsə isə günəş onun üzərinə
saçdığı qədər yaxşılıq verər və onu qırx dərəcə ucaldar". (Mirzə Hüseyn
Nuri, Müstədrəkül-Vəsail)
Mühəddis
Nuri "Darus-Səlam" kitabında röya və yatacaq yerlə əlaqədar nəql
edir:
Bizim ustadımız Molla Fəthəli Sultanabadi deyib: Mənim adətim bu idi ki, hər
zaman bir nəfər risalət ailəsi dostlarından dünyadan getsəydi və onun xəbəri
mənə çatsaydı, dəfn gecəsi iki rəkət (Dəfn gecəsi namazı) onun üçün qılardım.
İstər onu tanıyım, istər tanımayım. Bu adətimdən də heç kəsin xəbəri yox idi. O
vaxta qədər ki, bir gün dostlarımdan biri yolda mənimlə qarşılaşdı və dedi:
Dünən gecə dünyadan getmiş filan şəxsi yuxu aləmində gördüm. Ondan ölümündən
sonrakı vəziyyəti barədə soruşdum. O dedi, mən ölümdən sonra olduqca çətin
sıxıntıda qərar tutmuşdum. Yoxlanış zamanı məni əzaba sarı apardılar. O vaxta
qədər ki, filankəs (sənin adını çəkdi) mənim üçün iki rəkət namaz qıldı. Həmin
iki rəkət məni əzabdan xilas etdi. Allah atasına rəhmət eləsin ki, mənə belə
bir ehsan etdi. Həmin vaxt o şəxs mənə sual verdi, o iki rəkət namaz nə namazı
idi. Mən də dəfn gecəsi namazı qılmaq barədə öz təriqimi (metodumu) ona
açıqladım". (Mirzə Hüseyn Nuri, Darus-Səlam)
Hazırladı: Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий