
Son dönəmlərdə insanlar psixoloji
sarsıntılar keçirdirlər. Düzdür, bu sarsıntılar bundan əvvəlki dönəmlərdə də
olub. Lakin kapitalizmin vurduğu zərərlər insanları daha da sarsıdır. Çağdaş
zamanımızda hətta azyaşlı uşaqlar belə, şikayət edirlər. Hər bir insanın dağ
boyda dərdi var. Mümkündür, kənarda olan bir kəs özünə kiçik bir dərdi dağ
boyda edən insanı məsxərə etsin. Lakin, hər halda dərd kiçik də olsa, böyük də
olsa dərddir. Buna görə də, insanlara xidmət göstərib, dərdlərinə məlhəm olmaq
lazımdır.
Sual oluna bilər
ki, yad bir insanın dərdindən mənə nə? Mənə öz dərdim də kifayətdir. Lakin
qəlbi genişlənmiş, böyük insanların ən böyük dərdi - elə cəmiyyətin dərdidir.
Böyük insanların kiçik dərdi olmur. Peyğəmbərimizin dərdi evində çörəyin
olmaması, sabah nə yeyəcəyi, nə geyəcəyi barədə olmamışdır. Onun dərdi
cəmiyyətin dini-sosial-iqtisadi və s. problemləri olmuşdur. Hətta onu nəinki öz
zəmanəsinin probleməri, hətta gələcək nəslin problemləri də narahat edirdi.
Cəmiyyət
içərisində problem yağmurunda təpədən dırnağadək islanan insanlar dərdlərini
boşaltmaq, yüngülləşmək üçün bir sığınacaq axtarırlar. Düzdür, mövcud problemə
çarə tapmaq hər kəsin istəyidir. Ancaq bəzən insan bir diqqət sayəsində
problemlərini dəf etmək iqtidarında da ola bilər. Bunun əsas şərti lazım olan
insanı tapıb, onunla dərd ortağı olmaqdır. İndiki zamanda insanlar ən çox
psixoloq axtarıb dərdlərini bölüşməyə çalışırlar. Lakin psixoloqların
əksəriyyətinin bir seans üçün "yaxşı pul" almalırını, ya da
dərdlərinə elə də əhəmiyyət göstərməmələrini görüb soyuyurlar. Ruhani
mütəxəssislərin də əksəriyyətinin bəzən imkanı olmur ki, cəmiyyətdə bu işlərlə
məşğul olsunlar. Bəs bu camaat nə etsin? Kimə müraciət etsin?
Bəzən valideyn,
bəzən dost, bəzən həyat yoldaşı və s. ümid bəslənilən şəxslər də fərli çıxmır.
Bu da dərdi olan insan üçün yeni bir dərdə çevrilir. Mövzudan uzaqlaşmamaq üçün
müqəddiməni bununla kifayətləndirirəm. İndi baxaq görək ki, kimə müraciət etməliyik?
İmam Əli (ə)
"Nəhcül-Bəlağə"də belə buyurur: «Üç qəbil insanla
məsləhətləşmə: Paxıl, qorxaq və tamahkar insanlarla. Paxıl səni kasıbçılıqla
qorxudub, başqalarına əl tutmaqdan çəkindirər. Qorxaq mühüm işlərin yerinə
yetirilməsinə mane olar. Tamahkar isə, var-dövlət və vəzifə qazanmaq xatirinə,
zülmə mərhəmət donu geyindirər». Bu dəyərli məsləhət bizim üçün çox böyük
kriteriyaları ifadə etməkdədir. İmam Əli (ə) bunu elə dəqiqliklə ifadə etmişdir
ki, bizim hər hansı bir şərh və izah etməyimiz bəlkə də bu kəlama hörmətsizlik
çıxar. Lakin qısaca nəzər salmaq yaxşı olardı. Paxıl insanlardan məsləhət almaq
çətindir. Paxıl insanlar nəinki, bizim başqalarına əl uzatmağımızın qarşısını
alır, hətta bizi özlərindən daim aşağı mərtəbədə olmağımızın diləyində olarlar.
Özlərinə rəva bildiklərini, başqalarına rəva bilmirlər. Bu cür insanlar
cəmiyyət üçün çox təhlükəli olurkar. Qorxaq insanlar, böyük işlərdən
qorxduqları üçün cəmiyyəti böyük işlərdən çəkindir, pessimist hisslərə aludə
edirlər. Yersiz ehtiyatlar, yersiz qənaətlər, yersiz aradan çıxmalarla
insanların gözlərini qorxudarlar. Tamahkar insanlar da təhlükəli insanlar
qismindəndir. Problemi olan kəs onun yanına nicat tapmaq naminə getsə, bu insan
tipi öz şəxsi mənafeyi üçün bu yazıq insandan istifadə etmək yollarını
axtaracaq. Əlindən gələn hər bir nadürüstlüyü edəcək, təki, bu insandan
istifadə edib, batili haqq kimi insan gözündə cilvələndirsin.
Belə isə,
mütəxəssis insan necə məsləhət verməlidir? İmam Səccad (ə) buyurur: «Səndən
məsləhət istəyənə bildiyin işlərdə məsləhət verməli, bilmədiyin məsələlərdə onu
bilən şəxsin yanına göndərməlisən. Məsləhət aldığın adamı, könlünə yatmayan
məsləhətinə görə, qınamamalısan» ("Təfsiri Nurus-səqəleyn", 1-ci
cild, səh. 405). Bu isə, daha da ağır məsələdir. Məsələnin həllini bilməmək
mümkündür. Lakin bunu etiraf etmək üçün böyük insan olmaq lazımdır. Etiraf
etmək insanı cılızlaşdırmır, onu daha da böyük edir. Cəmiyyətdə başı çıxmadan ,
ixtisası olmadan o qədər məsləhət verən var ki...Cəmiyyət də bu minvalla
uçuruma yönəlir. Xətib olan kəs evində oturub daş-divarla danışır, xətiblikdən
anlayışı olmayanlar meydan sulayır. İlk öncə, insan bildiyi bir iş barədə hökm
verməli, bilmədiyi barədə susmalıdır. Əgər bilmirsə, ehtiyacı olan kəsi bilən
bir insanın yanına yollamalıdır. Məsələnin ikinci tərəfi isə, qınamaqdır. Bu
iki tərəfli ola bilər. Həm psixoloqun özü, həm də özünü anladan şəxs bu işdən
çəkinməlidir. Qulaq asan kəs yersiz qınayıb mühakimə edərsə, dərdini bölüşən
şəxs sıxılacaq, özünü sərbəst anlada bilməyəcək. Sözsüz ki, ona verilən cavab
da qərəz xarakteri daşıyacaqdır. Yox, əgər dərdini anladan şəxs bununla qane
olmursa, başqa birisinə müraciət edə bilər. Əgər ona verilən cavab onun könlünə
yatmırsa, bunu araşdırmalıdır. Ola bilər ki, insanın dərdinə əlac acı dərman kimi
də olsun. Acı dərmanı içib ağır xəstəliklərdən qurtulmaq mümkündür. Bəzən dərdə
əlac, dərdin özü kimi acı olur.
Bəli, bu incə detalalra diqqət etmək
lazımdır. Cəmiyyətin islah olunması, tərəqqi tapması üçün bu fikirləri tətbiq
etməyimiz labüddür. Ümidvaram ki, müqəddəs şəxslərin bu fikirləri həm dinləyən,
həm də dinlədən şəxslər üçün çarə olacaq.
Fərid
Abdullah
Комментариев нет:
Отправить комментарий