Belə iddia edirlər ki, əgər Allah
haqlıdırsa nə üçün and içib durur? Niyə dəfələrlə insanları inandırmağa çalışır
ki, məsələ dediyi kimidir? Allahın and içməsinə nə ehtiyac var?
İndi isə gəlin qısa bir araşdırma aparaq və görək ki, edilən tənqid haqlıdırmı,
ya yox?!
Quranda yüzdən artıq, müxtəlif ifadələrlə and içilmişdir ki, bu andlar qırxdan
artıq surədə mövcuddur. Allahın içdiyi andın hikmət və fəlsəfəsinə diqqət
etməzdən öncə, müqəddimə olaraq, Allahın and içdiyi yerləri nəzərdən
keçirməliyik. Bu yolla da ilahi andların hikmət və fəlsəfəsindən bir sıra işlər
bizim üçün aydın olmuş olacaqdır.
Allahın Quranda içdiyi andlar
1. Öz adına and içməsi
a) Elçiləri göndərmək barədə and
"Nəhl" surəsinin 63-cü ayəsində Allah-taala Öz müqəddəs zatına and
içmişdir ki, bütün atributları özündə cəm edir. "Allaha and olsun ki, biz
səndən öncə ümmətlərə (elçilər) göndərmişik". And içmək və bu andın
məqsədi odur ki, ilahi elçilərin göndərilməsi höccətin tamamlanmasıdır ki, bu
olmadan heç bir ümmət əzaba düçar ola bilməz.
b) Ruzinin vəd verilməsinə dair içilən and
Allah-taala "Zariyat" surəsinin 22 və 23-cü ayələrində göylərin və
yerin Rəbbinə and içmişdir ki, bununla insanların ruzilərinin vədəsinə,
həmçinin Cənnət vədinə dair təkid olsun. Səmavi ruzi dedikdə yağış, günəş, ay,
ulduzlar və bütün varlıqlar nəzərdə tutulur ki, bəşəriyyətin qalması və
mövcudluğu ondan asılıdır. (Əl-Mizan)
2. Peyğəmbərin canına and içməsi
Allah-taala "Hicr" surəsinin 72-ci yəsində Peyğəmbərin canına and
içir. Belə ki, ondan özgə heç kəsin canına and içməmişdir. Bu rəftar isə o
həzrəti böyük tutmağa görədir. (Kəşşaf təfsiri)
Bu əzəmətlə içilən andın əhəmiyyət və dəlili qövmün məstliyinə görədir ki,
qəflət və şəhvətlər sərgərdanlığındadırlar. Birdən ilahi əzab onları yaxalayır
və onları həlakətə sürükləyir. (Əl Mizan)
3. Qurana and
Allah-taala bir neçə ayədə Quranın özünə və onun müxtəlif xüsusiyyətlərinə and
içmişdir. "Şanlı Quran" ("Qaf", 1); Zikr sahibi
("Sad", 1); Mubin (açıq-aydın) ("Duxan", 2); Həkim
(hikmətli) ("Yasin", 2) kimi ifadələr bu andlara daxildir.
4. Mələklərə and
Quranın müxtəlif surələrində müxtəlif xüsusiyyətlərlə mələklərə and içilmişdir
ki, mələklərin varlıq aləmindəki məmuriyyətinin yönlərindən xəbər verir.
Məsələn, "Naziat" surəsi, 5-ci ayəyə qədər.
Bu ayələrdə mələklərə and içilir ki, ilahi əmrə boyun əymişlər, aləmin tədbiri
onların əlindədir. Onlar Allahın icazəsi ilə öz öhdəçiliklərini icra edirlər və
s.(ətraflı bax: Əl-Mizan)
5. İnsana and
İnsanın özünə (canına) ("Şəms", 7), ata və övladına (İbrahimə və
oğluna) ("Bələd", 3) və s. and içilmişdir.
6. Tövşüyə-tövşüyə qaçan atlara and
Bu barədə "Adiyat" surəsi 1-3-dək olan ayələrdə qeyd olunmuşdur.
Allah bu andlarla istəyir ki, bizi cihad, onun İslamda olan ali mövqeyi və
fövqəladə dəyərindən agah etsin ki, bu yolla insanlar zillət və alçaqlığı
özlərindən uzaqlaşdırsınlar və izzət və əzəmətlərini dünyanın üzünə çəksinlər.
7. Zamana and
a) Dünyavi zamanlara and. Məsələn, gecəyə (Fəcr, 2; Zuha, 2; Ləyl, 1; İnşiqaq
16; Təkvir, 17; Şəms, 4 və Muddəssir, 33), gündüzə (Ləyl, 2; Şəms, 3; Zuha, 1),
şəfəqə (İnşiqaq, 16), sübhə (Təkvir, 18; Muddəssir 34), əsrə (Əsr, 1) və s.
vaxtlara and.
b) Axirətə aid zamana and. Qiyamət və
axirətlə bağlıdır ki, bəşəriyyət üçün ən mühüm zaman və dövrlərdən biridir.
Allah-taala həmi zamana və onun baş verməsinə and içmişdir. O cümlədən, vəd
olunan günə (Buruc, 2); cismi məada (Məryəm, 68), insanların əməllərindən
sorğu-suala (Hicr, 92 və 93), bütpərəstlikdən çəkindirməyə (Nəhl, 56) və
Qiyamət gününün özünə (Qiyamət, 1) and.
8. Məkana and
Allah Quranda bir sıra məkanları müqəddəs saymış və bir sıra yerlərdə onlardan
bəzilərinə and içmişdir ki, bəziləri yerə aiddir, bəzilərisə səmavidir.
a) Yerə aid məkanlar. O cümlədən Tur dağına (Tur, 1; Tin, 2), dolub daşan
dənizə (Tur, 6), məşriq və məğriblərə (Məaric, 40), Beytülməmura (Tur, 4),
Məkkə şəhərinə (Bələd,1; Tin, 3) və s. məkanlara and.
b) Səmavi məkanlar. Varlıq aləmində
Sübhan Allahın əzəmət nişanələrindən biri səmanı və səmavi planetləri
yaratmaqdır ki, Mütəal Allah həmin nişanələrdən bəzisinə and içmişdir. Məsələn,
günəşə (Şəms, 1), aya (Şəms, 2; Muddəssir, 32; İnşiqaq, 17), ulduza (Nəcm, 1;
Vaqiə, 75; Təkvir, 15), yerə (Şəms, 6), səmaya (Buruc, 1; Şəms, 5; Zariyat, 7)
və s. şeylərə and içmişdir ki, bununla bəndələrini yaradılış aləmi barədə
təfəkkür, düşüncəyə vadar etsin.
9. Meyvələrə and
"And olsun əncirə və zeytuna" (Tin, 1)
Heç bir şübhə yoxdur ki, Allah-taalanın
Quranda and içməyində bir məqsəd vardır və bu andlarda bir hikmət yatmışdır.
Baxmayaraq ki, Allahın and içməyə heç bir ehtiyacı yoxdur. Ancaq Quranda
işlədilən bu andların öz növbəsində faydası vardır. Gəlin onlardan bəzilərinə
nəzər salaq.
1. Allah - barəsində and içdiyi bəzi
işlərin əhəmiyyətinə təkid və bəyan naminə and içmişdir ki, insanlar onlar
barəsində yaxşı düşünsünlər və daha çox əhəmiyyət versinlər. Bunları anlamaq
üçün andların cavablarına baxmaq lazımdır. Yəni Allah and içdikdən sonra hansı
mətləbi çatdırmışdır?!
2. And içmiş olduğu şeylərin çoxlu fayda
və mənfəətlərinə insanın diqqətini çəkməsi üçündür. Məsələn, günəş, ay,
ulduzlar, gecə və gündüz, hətta əncir və zeytun kimi şeylər ki, Allahın rəhmət
vasitəsi və nemətdirlər. Bütün bunlar Allahın tək və yeganə olmasının, həmçinin
Onun yenilməz qüdrət nişanələrindəndir.
3. Camaatın şəkk-şübhə və tərəddüdlə
qarşıladıqları, ya ümumən inkar etdikləri məsələlərin mövcudluğunu bildirmək
üçün. Məsələn, Qiyamətə, mələklərə və s. şeylərə and içmək. Mütəfəkkirlərdən
biri demişdir, əgər sən Quranda and içilən şeylərə baxsan görərsən ki, bəzi
insanlar onları inkar edir, ya da məlumatsızlıqdan təhqir obyektinə çevirirlər.
Xülasə budur ki, yaradılışda olan hikmətdən qafildirlər. Bütün bu andlar onlara
verilən cavabdır. Nəticədə isə insanları şəkk-şübhə, tərəddüd, illuziya və
qəflətdən çıxarır. Bununla yanaşı hər bir varlığın müvəffəqiyyətini göstərir və
işlərin həqiqətini ortaya çıxarır.
4. Xeyirli və gözəl əməlləri böyük və
ehtiramlı tutmaq üçündür ki, camaat o işləri görməyə təşviq edilsin və
rəğbətləndirilsin. Məsələn, tövşüyərək qaçan atlara, həccin vacib vaxtlarına və
sair bunun kimi şeylərə and. Mərhum Təbərsi İmam Baqir və İmam Sadiqdən belə
bir rəvayət nəql etmişdir ki, o iki həzrət belə buyurubdur. Rəvayətin məzmunu
belədir: "Allah öz yaratdıqlarına and içir ki, insanı ibrət və nəsihət
alması gərəkən yerə agah etsin. Çünki and içilən şeylərin əzəmət və böyüklüyünə
içilən andın dəlaləti vardır. (Məcməul-Bəyan)
Deməli, Quran ayələrindən, imamların
bəyanından və islami məlumatlardan əldə edilən nəticə budur ki, aləmin
varlıqları və məsələlərinin dərinliyi haqqında həqiqəti aydınlaşdırma yolunda
insan düşüncəsinin dinamikliyini artırmaq baxımından Quran andları ən ali
vasitədir. Bununla da belə bir çalışqanlıq və diqqət göstərmələr cəmiyyət üçün
elmin qapılarını açsın. Təntavinin sözü ilə desək, Quran andları elmlərin
açarıdır.
Hazırladı: F.A.
Комментариев нет:
Отправить комментарий