Allah rəhimlidirsə, nə üçün bəndələri əzaba düçar edir?

Allah Rəhman və Rəhim olduğu halda əzab verən də olması mümkündürmü?
Ədalət Allahın camal atributlarından biridir. Quran ayələrində bu xüsusiyyətdə müxtəlif cür işarə olunmuşdur. Bu etiqadın əsası odur ki, Quranda hər bir zülm Allah tərəfindən inkar olunmuş və “Qaimun bil-qist” (yəni ədaləti bərqərar edən) ünvanında zikr olunmuşdur.
Belə ki, Quranda buyurulur: “Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz”. (Nisa, 40)
Həmçinin buyurulur: “Şübhəsiz ki, Allah insanlara əsla zülm etməz”. (Yunus, 44)
Habelə buyurulur: “Allah şahidlik etdi ki, Ondan başqa heç bir məbud yoxdur. Mələklər və elm sahibləri də. O, ədaləti bərqərar etməkdədir”. (Ali-İmran, 18)
Amma diqqət etmək lazımdır ki, ədalət Allahın rəhmətilə heç cür ziddiyyət təşkil etmir və müzakirə obyekti də deyil.

Çünki Allahın rəhməti qəlbin riqqətə gəlməsi və daxili təsirdən doğan bir şey deyil. Çünki riqqət və emosionallıq maddəyə məxsus bir şeydir və Allah maddə deyil. İlahi rəhmətin mənası bir şeyi bəxş etməkdir ki, əldə edən kəs ona layiq və qabiliyyətlidir. Əgər onun istedadı tamam olsa, onun üçün münasib və uyğun olan şeyi istəyəcək, onu tələb edəcək, Allah da həmin şeyi ona əta edəcəkdir.
Deməli, rəhmət iki cürdür:
Ümumi rəhmət – o şeyi əta etməkdir ki, şəxs varlıq və mövcud olması yolunda o şeyə meyillidir.
Xüsusi rəhmət – o şeyi əta etməkdir ki, şəxs tövhidə və səadətə sarı hidayət yolunda ona ehtiyac duyur.
Deməli, əgər bir nəfər ümumi şəkildə – əlamət və nəticəsi daimi əzab olan bədbəxtliyə meyilli olsa, ona bədbəxtlik və daimi əzab verməyin heç bir ziddiyyəti yoxdur. Əksinə, eynən ümumi rəhmətdir. Amma xüsusi rəhmət belə bir fərdlərə şamil olmur. Çünki hidayət yolundan xaricdirlər.
Bir ayədə yığcam şəkildə üç məsələ ən gözəl surətdə açıqlanmışdır:
1 – Allah varlıq aləminin planını mütləq rəhmət əsasında çəkmişdir: “Mənim rəhmətim hər bir şeyi əhatə etmişdir”. (Əraf, 156) Yəni mənim rəhmətim hər bir şeyə, hər bir varlığa şamildir. Elə bir şey yoxdur ki, “şey`un” ifadəsinin misdaqı və Allahın rəhmətinə şamil olmasın.
2 – Xüsusi əzab gərəklidir və istəyə bağlıdır: “Dedi: Mənim əzabıma – istədiyim kəsi düçar edərəm”. Yəni mənim bir əzabım vardır ki, hikmət əsasında günah edən kəsi ona düçar edərəm. (Həmin)
3 – Xüsusi rəhmət vardır ki, xüsusi bir dəstəyə aiddir: “Onu Allaha təqvalı olub, pis əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam!” (Həmin)
Ona görə də, xüsusi rəhmət və həmçinin onun müqabili, yəni əzab xüsusi dəstələrə şamil olunur. Amma Allahın geniş və mütləq rəhməti bütün Cənnət və Cəhənnəm, cinn və insan varlıqlarına şamildir.
Buna əsasən, əzab Allahın ümumi rəhməti ilə ziddiyyət təşkil eləmir. Əksinə, mütləq rəhmətin özüdür. Hərçənd xüsusi rəhmətlə bir araya sığışmır. Lakin əzaba düçar olmuş insan öz ixtiyarı ilə bədbəxtlik və kafirlərin yolunu qəsdən seçir. Nəticədə özünü bədbəxtliyə düçar edir.

Ədalət, yəni hər bir şeyi öz yerində qərar verməkdir. Əgər onun rəhməti hamıya, yaxud bəndələrindən bir dəstəyə şamil olursa, ədalətin özüdür. Çünki öz yerində – ləyaqəti çatan insanlarda olacaqdır.

Комментариев нет:

Отправить комментарий