Belə bir deyim var: "Pis şairdən
yaxşı yazıçı çıxır". Amma bu deyim səhvdir. Çünki, mən sizə həm yazıçılıq,
həm də şairlik istedadı olan bir nəfərin hekayəsini yazacağam. Hərçənd ki,
hekayə sizlərin üzündə təbəssəm yaratmasa da, belə insanların əzilib getməməsi
üçün dəstək göstərməyinizə səbəb olacağına səmimi qəlbdən inanıram.
Gözəl yaradıcılıq qabiliyyəti olan bir
gənc dostum var idi. O daim mütaliə edir və bundan nəticə alıb, səbəb olmağa
can atırdı. Onun günlərini mütaliəyə sərf edib, vaxtlarını kitab oxumaqla
keçirən, bununla qürrələnən və kitabdan uzaq düşümüş şəxsləri araya qoyan
şəxslərdən acığı gəlirdi. O düşünürdü ki, kitab da bir qidadır və sözsüz ki,
bütün insanlar eyni zamanda bir qidanı qəbul edə bilməzlər. Misal üçün qoyun
əti, kimisi qoyun ətindən hazırlanmış bütün ləziz yeməkləri bir oturmaya yeyə
bilər, kimisi isə səhhəti ilə bağlı bu yeməkdən çəkinmək məcburiyyətindədir.
Kimisi dişləri saz vəziyyətdə olduğu üçün qoz. fındığı pəh-pəhlə yemək
iqtidarındadır, kimisi isə protez diş almağa belə pulu olmadıqdan, belə şeylərə
həsrətlə baxır. Kitab da elədir, kimisi ehtiyacından kitab oxuyur, kimisi
bekarçılıqdan, kimisi "Mən də kitab oxudum" deyə. Kimisi tənbəllikdən
kitab adlı bir şey tanımır, kimisi ailəsini dolandırmaq üçün çörək pulu
qazanmağa ehtiyaclı olduğundan kitab oxuya bilmir. Demək ki, insan kamilliyi kitab
oxumaqla ölçülməməlidir.
Yeni bir məntəqəyə köçən Fuad burada
yaşayanları demək olar ki, tanımırdı. Bundan əvvəl o həyət evi şəraitində
boya-başa çatmış, dünyaya baxış bucağını dəyişmişdi. İndi isə o bina evinə
köçmüşdü. Qonum-qonşu, qohum-əqraba, dost-aşnaya öyrəşmiş Fuad üçün bina evi
təcrid olunmaq demək idi. Amma Fuad pessimistliyə qapılmadan bunun onun
həyatında əlamət olduğunu düşünürdü. Ona elə gəlirdi ki, bu onun yaradıcılığı
üçün daha əlverişlidir.
Fuad həddindən
artıq təvazökar adam idi. Onun düşüncəsinə görə müasir ədəbiyyatımız həm
mühafizə olunmalı, həm də islahatla üz-üzə gəlməli, orta mövqedə
konstruksiyalaşmalıdır. Fuad məşhur olan, tanınan hər bir yazıçı, şairin
kitabının arxasınca qaçmırdı. Kodeksinə daxil olan bütün ədiblərin yazılarını
diqqətlə oxuyur, bununla paralel yazıb-yaradırdı. Bir neçə dəfə ona demişdim:
- Ay Fuad, belə
olmaz axı. Elə vərəqlərdir doldurursan boş-boş. Heç sən bilirsənmi nə
dəhşət əsərlər yaradırsan? Axı niyə bunları camaatdan gizlədir, bu qədər aşırı
təvazökarlıq göstərirsən?
O isə təbəssüm
edir və dedi:
- Ay Mikayıl, o nə
sözdür, bəs mən nə etməliyəm? Çıxıb küçədə qışqırmalıyam ki, ay camaat mən
ədibliklə məşğulam?
- Gəl səni aparım
bir-iki yerə, rəy versinlər - dedim, - indi internet əsridir. yazılarını
saytlara verək. Təqdimat keçirək sənin üçün. Hə, nə deyirsən?
- Mikayıl. mən
özümü nə camaata göstərmək istəyirəm, nə də özümü reklam etmək fikrim var.
Məsləhət olar, bir gün yazılarım işıq üzü görər, görər. Görməz də, atıb
yandırarlar.
Bu sözü məni lap
havalandırıdı, az qala əsəbimdən onu boğmaq istəyirdim:
- Mənim sənə sözüm
yoxdur. Səndə keçi tərsliyi, dəvə inadkarlığı var. Amma səni belə başsız qoymaq
olmaz.
- Mənim heç nəyə
ehtiyacım yoxdur. - deyib üzünü o tərəfə çevirdi.
- Mənim isə dosta
əl tutmaq fikrim var. Əgər hər şeydən imtina edirsənsə, gəl sənin üçün bura
internet çəkdirək. Yazıb-yaratdıqlarından paylaşarsan.
- Harda paylaşım?
Mənim bu cür şeylərdən elə də başım çıxmır .
- Mənim başım
çıxır. Sənin işin yoxdur. - deyib sakitcə ayağa qalxdım və fikrimin icraat
işlərinə başladım. Mən də tərslik barədə Fuaddan heç də dala qalmırdım. Mən bu
işi həll etməliydim. Odur ki, 2-3 gün ərzində hər şeyi həll etdim. İşlədiyim
ofisdə artıq noutbuk var idi, müdirimdən icazə alıb onu Fuada aparmaq üçün
evlərinə gətirdim. Ona ibtidai bilgilər haqqında məlumatlar verir, hər şeyi
izahlı şəkildə başa salırdım. Odur ki, bir həftə ərzində Fuad sərbəst şəkildə
həm noutbukdan, həm də internet xidmətlərinən tam istifadə etməyi öyrəndi.
Buna baxmayaraq,
yenə də yazdıqlarını virtual aləmə daşımaq istəmirdi. Mən onun əvəzinə sosial
şəbəkələrin birində səhifə açdım, özümü əziyyətə salaraq ondan oxumaq adı
altında yazılarını götürərək, yazıb paylaşmağa başladım. Düzdür, heç kəsin
vecinə deyildi, heç kəs maraq göstərmirdi, mən isə buna çox üzülürdüm. Amma
bundan artıq heç nə edə bilmirdim, düşünürdüm ki, onun əvəzinə gedib
başqalarına yazılarını göstərsəm, Fuadın acığına gələr və mənimlə dostluq
əlaqələrini kəsər. Mən isə bu cür dostu itirmək istəmirdim, bir yandan da ona
ürəyim yanırdı.
Demək olar ki, min
bir xahiş-minnətlə onun üçün yaratdığım səhifəni ona həvalə edib, boyun
qaçırtdım və bu işi özü davam etdirməyə başladı. Yenə də sakitçilik,
yenə də diqqətsizlik hökm sürürdü, qarşılaşdığım bir duruma qədər.
Sosial şəbəkdə
Yusif Qələm adlı bir tanınmış sima var idi. Bəzən onun yaradıcılığını
izləyirdim. Özüm yazıb-yaratmağı bacarmasam da, azdan-çoxdan ədəbiyyatdan başım
çıxırdı. Bir gün onun səhifəsinə baxdıqda dostum Fuadın "Ana"
haqqında yazılmış şeirini gördüm və dostumun şeirini paylaşdığına görə Yusifə
şəxsən təşəkkür etmək fikrində idim. Lakin o, şeirin altında müəllif kimi öz
adını göstərmişdi. Şeiri yüzlərlə insan bəyənmiş, bəlkə iki o qədər də şərh
yazılmışdı. Əsəbimdən ürəyim sancdı, bilmədim nə edim. Yusifə ağzıma gələnimi
deyim, yoxsa, bu acı hadisəni Fuadla paylaşım? Bilmirdim. Dedim ki, yəqin
anlaşılmamazlıq olub. Odur ki, bunun çıxış yolu kimi dostum Fuadın
yaradıcılığını daha çox paylaşmağa, onu necə deyərlər reklam etməyə başladım.
Lakin az qism insanlardan başqa, heç kəs diqqət göstərmirdi, yenə də heç kəsin
vecinə deyildi.
Bir gün Fuadgilə
gələndə, Yusif Qələmin də orada olduğunu gördüm. Əsəblərim yenidən oyandı, onu
təpiyimin altına sərmək istəyirdim. Lakin bəlkə də üzr istəməyə gəlib və ya dost
olmaq istəyir deyə öz-özlüyümdə düşünüb, bu fikirdən əl çəkdim. Hirsimdən heç
otağa da daxil olmayıb, mətbəxə keçdim. Özümə çay süzüb, əsəbimdən ard-arda bir
neçə siqaret çəkməyə başladım. Yusifin getdiyini görüb, Fuadın yanına gəldim və
vəziyyətin nə yerdə olduğunu ondan soruşdum:
- Yusif yaxşı
oğlandır, özü də ədibdir, mənimlə tanışlığa gəlmişdi. - deyə sadəlövhcəsinə
təbəssüm edirdi. Elə bilirdi ki, özünə dost qazanıb.
- Hə nolsun ki? Nə
istəyirdi səndən?
- Heç nə,
yaradıcılığından danışdı, mən ona yazdıqlarımı göstərdim və "İlk
məhəbbətim" adlı yazdığım əlyazma romanımı oxumaq üçün ona verdim.
- Nə? - deyə
ixtiyarsız olaraq Fuadın üstünə qışqırdım. - Sənin başına hava gəlib? Sən heç
bilirsən ki, o sənin "Ana" şeirini öz adına çıxarmışdı?
- Doğrudan? Bəs
bunu məndən niyə gizlətmisən?
- ... Mmənn, nə
bilim... - bilmirdim nə cavab verim, bəlkə də bayaq içəri girib onun mənfur
planını alt-üst etməliydim. Axmaq qısqanclığım imkan vermədi, kül olsun başıma!
Bu söhbətin
üstündən 3 ay keçdi. Mən Fuadın üzünə baxa bilməsəm də, yenə də gedib gəlirdim.
O internetdən istifadə etməkdən imtina etmişdi, noutbuku belə geri qaytarmışdı.
O gün Fuadın ad
günü idi. Dost-aşna, məhlə uşaqları - bir sözlə hamımız bir yerdə idik, gözəl
dostumuzun ad gününə yığışmışdıq. Deyirdik, gülürdük, əylənirdik. Fuad da bizim
üçün şeirlərindən oxuyurdu. Birdən qərara gəldik ki, keçən il dostumuz Vasifin
ad günündən olan videoçəkilişə baxaq, bir az deyib-gülək. Bu səbəbdən
dostlardan biri aşağı düşərək çəkiliş yazılmış diski gətirməyə getdi, biz isə o
gələnə qədər televizorun kanallarını çevirib, gözdən keçirirdik. Kanalların
birindən Yusif Qələmi göstərirdilər, mən kanalı çevirmək istədikdə Fuad imkan
vermədi, baxmaq məcburiyyətində qaldıq.
Yusif Qələm Gənc
yazıçılar üzrə keçirilən respublika üzrə "Qızıl qələm" nominasiyası
üzrə qalib seçilmişdi. Bu səbəblə müsahibə verirdi. Fuad bu dəm üzünü mənə
çevirərək:
- Görürsən
Mikayıl, hər nə olsa da istedadlı ədibdir. - deyib bir anlıq Yusifin əvəzinə
sevindi.
Daha sonra münsiflərdən biri müsahibəsində
Yusifin yazdığı "İlk məhəbbətim" adlı romanın əsrarəngizliyindən,
füsunkarlığından, Azərbaycan ədəbiyyatına yeni gənc nəslin verə biləcəyi ən
gözəl töhfə olduğundan danışmağa başladı. Ortaya sükut çökmüşdü. Başımı aşağı
salmışdım, qaldıra bilmirdim. Axı mən Fuada nə deyəcəkdim?! Bundan sonra nələr
baş verəcəkdi? Düşünməyim belə mənə əzab verirdi. Bəlkə də hər şeyi bu qədər
sürətləndirməməli idim, bəlkə hər şey qaydasında qalmalı idi. Yusif kimi
dələdüz yazıçının Fuadı tanımasına da mən səbəb olmuşdum... Amma Fuadın üzünə
baxa bilmirdim. Məni yandıran isə başqa şey idi... Dost diqqətsiz olsa da,
düşmən əsla diqqətdən yayınmır!
Fərid
Abdullah
Комментариев нет:
Отправить комментарий