Çarəsiz çarə


Mən onu hələ uşaq yaşlarından tanıyırdım. Səkkizinci sinifdə oxuyurdu. Gözəl maviyə çalan gözləri, incə burnu, zərif bədəni vardı. Mənsə, ondan 3-4 yaş böyük olardım. Yəqin ki, uşaq vaxtların məhəbbətini yaxşı bilirsiz. O məhəbbət bəlkə də istəkdir, bəlkə də tamam başqa şeydir bilmirəm, amma onu bilirəm ki, insan az yaşlarında məhəbbətə qovuşmaq istədikdə onun fikrində nə xəyanət, nə başqaları, nə əyləncə, nə də keçici bir istək olur. Bəlkə də insanlar o saf duyğularını yetkin yaşa qədər saxlasaydılar dünya gülüstan olardı. Lakin insan böyüdükcə böyük qəlbi cılızlaşır – deyirlər. Mən isə bu fikirlə tam razıyam.
Arada olan dostlar bizə bir - birimizdən xəbər gətirirdilər. Sözsüz ki, oğlan qızın razılığı olduqdan sonra ona yaxınlaşmalı idi və o da bu münasibətə razı idi, könlünə yatmışdım. İlk görüşmüz də yadımdadı, elə məsum elə şəffaf idi ki. Danışdığımız zaman nə aforizm, nə hikmət dolu fikirlərdən, nə dünyada gedən qlobal problemlərdən, nə də film-serialdan söhbət açırdıq. Heç ikimiz də bilmirdik nədən danışırdıq. Lakin danışmaq istəyirdik. Beynimiz qəlbimizdə olanları ifadə etməkdə çətinlik çəkirdi. O sözlərdə yalan və riyakarlıq yox idi. 

Bir neçə dəfə görüşdük, öz-özlüyümüzdə elə düşünürdük ki, hər şey hazrdır. Artıq bir neçə ildən sonra, yaşımız buna imkan verdiyi zaman onlara elçi gediləcək və qızı verəcəklər. Artıq gələcək illərin planları da hazır idi. Haradan idi bu cəsarət, haradan idi bu yəqinlik?! Amma uşaq həyatı sürprizlərlə doludur. Bu günün hədiyyəsi, sabah əlindən alına bilər. Aramıza yoxluq girdi və ikimiz də səbəbi olamadan bir-birimizdən uzaq düşdük. O öz yoluna, mən öz yoluma. Nə o məndən xəbər tutdu, nə mən ondan. Beləcə illər keçdi.
Mən məktəbi bitirdim, o isə hələ də məktəbin axırıncı siniflərində oxuyurdu. Arabir küçəyə çıxaraq onun necə məktəbə gəlib-getməsinə tamaşa edirdim. Bəlkə də onun xəbəri yox idi, bəlkə də var idi. Lakin yaxınlaşmağa cəsarət edə bilmirdim. Bəlkə də bu fikir onun məndən səbəbsiz yerə uzaqlaşmasında idi, nə bilim... 
Mən əsgərliyə gedib-gəldim, universitet oxudum, müstəqil olaraq işləməyə başladım, boya-başa çatdım, üzümə tük çıxdı, səsim qalınlaşdı, bir sözlə kişiləşdim. Cəmiyyət məni gənc oğlan kimi yox, kişi kimi qəbul etdi. Lakin ondan xəbər yox idi. Bəlkə də ərə gedib deyə, ümidimi kəsmişdim. Bəlkə də o xoşbəxtdir, nə üçün onun ailəsinə müdaxilə etməliyəm deyə düşünürdüm. 
Artıq zaman yetişmişdi, ailə qurmalı idim. Hər şey yoxa çıxmışdı, hər şey tarix səhifələrinə gözəl surətdə həkk olunmuşdu. Bunu qəbul etmək məcburiyyətində idim. Hər bir şeyi qapadaraq ailə həyatına addım atdım. Bəli, ailə həyatı bütün köhnə səhifələri qapatmışdı. Ta ki, ailə həyatımın üstündən dörd il keçməsindən sonra o günə qədər...
- Salam, məni tanıdın?
- Salam, xeyr, tanımadım.
- Bəlkə də şəkilimi görsən tanıyarsan.
- Bəlkə də, hanı göndər baxım?
Və o şəkili görən kimi kiçildim. Yaşım azaldı, boyum qısaldı, uşaqlaşdım. Məktəbli çağlarıma geri qayıtdım. Bu nə olan işdir, bu nə hisdir? Axı hər şey qapanmalı idi. Bu həmin gözlər, həmin nazik cism, həmin təbəssüm idi...
- Mərəym sənsən?
- Hə, mənəm. Mən dedim unudarsan məni.
- Səni? Niyə unudum ki? 
- Səndən sonra başıma çox işlər gəldi.
- Nə oldu ki? Danış görüm.
- Eşitdim evlənmisən, ailəlisən eləmi?
- Bəli, elədir. Bəs sən?
- Aha, mən də ailə qurmuşam, bir qızım da var. Adı Gülsümdür.
- Nə gözəl, sənin yerinə sevindim (Niyə yalan danışıram, axı sevinmirdim, axı qəlbim param-parça olmuşdu. Lakin nə deməliydim? Həqiqəti qəbul etməliydim)
- Mən səni çox axtardım Murad. Tapa bilmədim.
- Mən heç vaxt uzaq olmamışam ki. Həmişə yaxında olmuşam.
- Nə bilim. Dedim bəlkə ailə həyatı qurmusan, ya məni rədd edərsən. Dostlarından telefon nömrəni istədim vermədilər. Yəqin ki, səninlə bir daha üzləşməyim deyə.
- Bu necə ola bilər axı?
- Neçə dəfə cəsarət edib yaxınlaşmaq istədim. Bacarmadım. Uğurlarını duydum, yenə də yaxınlaşıb sevincinə şərik ola bilmədim, bacarmadım...
- Məndən niyə uzaqlaşdın ki, yaxınlaşmaq istəyəsən də?
- Nə bilim, uşaq idim. O vaxt elə düşünürdüm ki, sən məni oxumağa qoymarsan. Nə bilim, xatırlamaq istəmirəm.
- Yəqin ki, indi xoşbəxtsən. 
- Yox, əsla. Qardaşımın dostuna verdilər məni. Onun da adı Murad idi. Dərd çəkdim, əzab çəkdim. Onunla ailə həyatımız heç bir ay çəkmədi. O mənə elə ilk gecədən vəhşi yırtıcı görünürdü. Barmaq sayı qədər üzümü gördü, bildim ki, istədiyi var. Ona görə də, ona yolu açıq etdim. Uzaqlaşdım.
- Niyə belə etdin, bəs qızın?
- Qızım tək əlimdə olan xəzinəmdir. Ona da dayə baxır, ya da valideynlərim. Lakin qızım da qəlbimi bəzən doldura bilmir.
- Adamın sevdiyi kəsdən uşağı olsun.
- ....
- Niyə susursan?
- Ağlayıram, çünki bu həqiqətdir. O elə ilk gecədən mənə hücum çəkdi. İçkili halda üstümə cumub, məni zorladı. Mənə ər ola bilmədi. Belə həyata lənət olsun!
- Mən sənin yerinə çox üzüldüm, inanmazdım ki, sən mənə yazarsan. Amma niyə bu vaxt? Niyə on ildən sonra yazdın?
- Bilmirəm, heç nə bilmirəm, sənin şəkilin indiyə qədər yataq otağımdadır və tək təsəllimdir Murad. Hər gün ona baxıram, hər gün. 
- Görəsən uzun illərdən sonra niyə yenə də üz-üzə gəldik? Görəsən bunun hikməti nədir?
- Heç mən də bilmirəm. Amma səni indiyə qədər çox sevirəm. Lakin mən sənin nə həyat yoldaşın, nə sevgilin, nə də məşuqən ola bilərəm. Bilirəm tək çarəm sənsən. Amma yoldaşının yerinə özümü qoyduqda xəcalət çəkir, özümdən utanıram. Bilmirəm nə edim. İndi işləyirəm, hüquqşünasam. Evim, maşınım var. Müstəqil bir qadınam. Amma bütün bunlar bir tək sənin yerini vermir və sənin üçün bütün hər şeyi qurban verərdim. Lakin gecikdim... 
Bu sözlər mənim qəlbimi dəlib keçirdi. Axı hər şey tarixin səhifələrində qalmışdı. Közərmiş qəlbin yenidən qanadılmasının mənası nə idi? Nə üçün qəlbimin sönmüş vulkanı yenidən püskürdü? Nə üçün bu uzun illər sakitlik hökm sürən qəlb şəhərimdə zəlzələlər baş verdi? Deyirlər ki, ölümdən başqa hər şeyə çarə varmış, bəs bunun çarəsi nədir?

Fərid Abdullah.


Комментариев нет:

Отправить комментарий