
Üçüncü dərs bitmək üzrəydi. Rəfiqəm
Aytəkin mənə göz edərək, işinin olduğunu bildirib, ətrafda şübhə yaratmamaq
üçün gah yazı lövhəsinə, gah da kitaba baxmağa davam etdi. Dərs bitdikdən
sonra, həmişəki kimi kofe içmək üçün bufetə düşdük. Bufetçi xaladan özüm üçün
kofe sifariş edib, kənarda duraraq qapıdan Ayətkinin içəri daxil olmasını
gözləməyə başladım. Maraq mənə güc gəlmişdi, söz verməyimə baxmayaraq əlim dinc
durmur, saçımı düyünləyirdim. Kofeni yarım etmişdim ki, Aytəkin içəri daxil
oldu. Amma o bufetə tək gəlməmişdi, onun yanında Universitetimizdə zirənglik,
qabaqcıllıq, gözəllik, məşhurluqları ilə tanınan üç qız - Afət, Gülsüm və İradə
də var idi. Yox, yox, bu qızlar əlaçılıqla tanınmamışdılar, heç əxlaqsız da
deyildilər. Sadəcə olaraq lider idilər, bəli, lider. Lider olmalarının səbəbi
onların zəngin ailədən olması, bununla belə, dillərinin iti, əməllərinin
təsiredici olması idi. Onların sözünü heç kəs yerə sala bilmirdi.
Mənim onların nəyinə lazım olmağımı
düşünməyə ehtiyac yox idi. Düzdür, onların əhatə dairəsində olmağı çoxdan arzu
edirdim, lakin onlar da məni "xala xətrin qalmasın" deyə öz aralarına
qəbul etmirdilər. Atam Mərkəzi Bankın ən parlaq simalarından idi, elə bu
səbəbdən məni yanlarından görmək istəyir və məni özlərinə layiq görürlər deyə
anladım.
Ayətkin dərsdən sonra qızlarla gəzintiyə
çıxacağımızı qulağıma pıçıldayaraq, hazır olmağım barədə bəzi təlimatlar verdi.
Kofemi içib qurtarmışdım, nə deyəcəyimi də bilmirdim. Çünki o qızlarla rəfiqə
olmaq hər bir Universitet tələbəsinin arzusu idi. Elə mən də bu arzuda idim,
lakin ailəm nizam-intizamlı, böyük-kiçik bilən olduğundan əlavə gəzintilərə
çıxmaq, şəhəri sərsəri kimi dolaşmaq, əyləncə mərkəzlərinə getmək barədə elə də
sərbəst deyildim. Atam ciddi şəkildə təhsil almağım üçün "dəridən-qabıqdan
çıxmışdı". Mən atamı çox sevirdim, o isə məndən iki qat artıq sevirdi,
üstümdə əsirdi. Hələ indiyə qədər bir ehtiyacımı qarşılamamış olmamışdı. Qəfil
olaraq özüm də bilmədən qızlara razılıq verdim və onların dəstələrinə qoşulmaq
barədə məmnuniyyətimi bildirdim.
Dərs bitdikdən
sonra, Universitetin həyətinə birlikdə endik. Qızların hamısı süslənib,
cilvələnmişdilər. Mən özümə baxan qız olsam da, aşırı dərəcədə, vasvası kimi
özümə "əl qatmağı" sevmirəm, yəni mənim üçün toy, ev, bayır-bacaq,
dərs geyimləri ayrı-ayrıdır. Odur ki, qızların elə də gözlərinə dəyməməyə
çalışırdım. Bu gün İradə hər şeyi boynuna götürmüşdü. O bizim hamımızı maşınına
mindirib, maraqlı yerə aparacağını dedi. Evə vaxtında gedib çıxmağım üçün
kifayət qədər vaxtım var idi, bunu çoxdan ölçüb-biçmişdim.
Qızlar öz
aralarında yeni açılmış "Afina" geyim salonundan danışırdılar.
Mənzilimizin ora olacağını anladım, nə edək, qızların adətidir: Harada
geyim-keçim varsa, hələ üstəlik bir-iki nəfər tərif etsə, hələ üstəlik bu
geyimlər brend olsa ora getmək marağı daha da artır. Geyim salonuna gəlib
çatdıqda, böyük bir izdiham gördük, həm də endirim kompaniyası idi deyə, camaat
qarışqa kimi şöbələrdə gərdiş edirdilər. İçəridə 10-15 dəqiqə gəzişib,
baxdıqdan sonra Gülsüm üzünü mənə çevirib dedi:
- Sən bilirsən ki,
bizim dəstə Universitetin bir nömrəsidir. Camaat gecə-gündüz bizə qoşulmağı
arzulayırlar. Aytəkin sənin bizim aramıza qatılmağa layiq olduğunu (Minnətə
bax!) bizə dedi. Amma hər şey elə də asan deyil. Bizim xüsusi ayinimiz var və
bu gün adrenalin qazanmalıyıq. Odur ki, özünü göstərmək istəyirsənsə bizə
qoşulmaq üçün bu ayini icra etməlisən! Biz söz vermişik ki, bu gün hərəmiz
bacardığımız şeyi bu dükandan oğurlayaq. Düzdür, bizim heç birimizin buna
ehtiyacı yoxdur. Bizim atalarımız bu salonu işçi qarışıq ala bilər, amma bu
ekstrimi, həzzi yaşamaq istəyirik. Nə deyirsən?
Mən bunu edə
bilməzdim, mən camaatın malınə əl ata bilməzdim. Axı oğurlamaq yaxşı iş deyil, həm
də bunu özümüz əldə etmək iqtidarındayıq. Mən indiyə qədər oğurluğun nə
olduğunu bilmirəm, bəlkə buna ehtiyac olmamışdı, nə bilim, onlarla rəfiqə olum
deyə, bəlkə başqa şey desəydilər (misal üçün 5 dondurma yemək) edərdim, amma
oğurluğa əlim gəlmirdi.
- Bilirsən, mən
qorxuram. Mən, mən, mən... sonra atamın üzünə necə baxaram? Axı o mənə inanır.
Həm də oğurluqdur axı bu. Bunun nəyi ekstrim, həyəcandır?
- Yaxşı görək sən
Allah - deyə İradə qəfil ağızını əyərək məni lağ etməyə başladı. Hanı Aytəkin,
budu sənin adamın? Qorxaq. - deyib, məni tək başına dükanda qoydular. Rəfiqəm
Aytəkin mənə elə baxırdı ki, sanki mən vətən xainiyəm və onun etimadını doğrultmamışam.
***
Səhəri gün dərsdə
Aytəkin mənə salam belə vermək istəmirdi, məndən üzünü çevirirdi. Lakin mən
özümdə cəsarət taparaq onun qolundan tutub bir küncə çəkdim:
- Nədiye, burax
əlimi, adam biabır edənsən.
- Nədi ay qız,
oğurluq etməliydim?
- Nə oğurluğu sən
Allah. Guya bir-iki köynəklə onların nəyisə azalacaqdı? Amma əvəzində biz
adrenalin alacaqdıq, həyəcanlanacaqdıq, ayini icra edəcəkdik. Bu ki, həzzdir.
Qəlbin döyünür, tutulacağından qorxursan. Oğurlamaq üçün fərasət lazımdır.
- Bəs tutsalar
hansı fərasət bizi xilas edəcək?
- Nə tutmaq sən
Allah, yox bir. Oranın müdiri birimizin atasının adını eşitsə, götürdüklərimizi
bizə hədiyyə edər, hələ üstəlik 4-5-in də izafə paketləşdirər.
- Yaxşı, sus, mənə
de görək onlar götürdülər bir şey?
- Hə, əlbəttə. Mən
də qəşəng bir papaq götürdüm.
- Təxminən
hamınızın götürdüyü nə qədər edərdi ki? (Qəti bir qərara gəlmişdim. Buna son
qoymalıydım)
- Nə bilim, bəlkə
də 350- 400 manat.
- Hmm. Yaxşı,
oldu.
- Nə idi ki?
Heç cavab da vermədən Aytəkindən
uzaqlaşdım. Bəlkə də vecimə də
almamalı idim, amma bacara bilmirdim. Özümün necə onların bu işinə vaxtında
əngəl olmadığıma görə vicdan əzabı çəkirdim. Odur ki, dərsdən icazə alaraq evə
yollandım. Bilirdim ki, evdə heç kəs yoxdur, sakitçilikdir. Özüm üçün
topladığım puldan 400 manat götürərək, yenidən taksi saxlayıb,
"Afina"ya sürməsini tapşırdım. Çantamdan qələm və bir vərəq çıxaraq:
"Salam, bizi bağışlayın, sizin dükandan oğruluq etmişik. Bu təxmin
etdiyimiz ən çox məbləğdir. Ümidvarıq ki, bizi bağışlayarsız." yazıb, pulları
da arasına qoyub, bükdüm. Bunları hazır edənə qədər mən artıq
"Afina"nın qarşısında idim. Taksiyə gözləməsini bildirərək, içəri
daxil oldum. Fürsətdən istifadə edərək, kassanın yanına gəlib, sakit şəkildə
arasında pul olan kağızı qoyub, arxama baxmadan dükandan çıxaraq cəld taksiyə
minib, oradan uzaqlaşdım.
Qəlbimdə atama
qarşı xəyanət edib, onun ümidlərini doğrultmadığıma görə vicdan əzabı çəkirəm.
Amma hər nə olsa da, atamdan üzr istəyib, ondan bağışlanmağımı istəyəcəyəm. Mən bunu atamdan gizlədə bilmərəm.
Fərid
Abdullah
Комментариев нет:
Отправить комментарий