O yaşlı bir ədib idi. Saçları ağarmış, qəddi əyilmişdi. Uzun sürən
həyatında çəkdiyi iztirablar yaşlı sifətində həkk olunmuşdu. Elə bil, getdiyi
tikanlı, toz-torpaqlı, palçıqlı, əyri-üyrü yollar üzündəki qırışlarda
gizlənmişdi. Ədibin təkcə gözləri dəyişməmişdi. Gənc çağlarında, gözəl təbiət
qoynunda sevgilisinə məktub yazarkən, arabir başını yuxarı qaldırıb təbiəti
müşahidə edən parlaq gözləri heç dəyişməmişdi. Bircə fərq vardı, taqətdən düşüb
tarımlığını qoruya bilməyərək gözlərin üstünə yıxılmış kələkötür qırışlar onların
üzərini örtməyə çalışırdı, amma gözlər məğlub olmur vüsudunu göstərməkdə israrlı
idi. Onun qəhvəyi gözləri gəncliyini qoruyub saxlaya bilməyən, amma qəlbi
gənclik şövqü ilə alışıb-yanan bir qocanın gözləri idi. Yaşlı ədibin gözlərinin
dəyişməz qalması, baxışlarına da təsir göstərmişdi.
Gənclik çağlarında hamıya diqqət göstərib nazın çəkməyə həvəs göstərən yaşlı
ədib, indi uşaqtək nəvazişə möhtacdır. Ah o günlər... Şux qamət, ütü çəkilmiş
şax qalan libaslar, daranmış sıx-qıvrım saçlar, işım-işım
işıldayan ayaqqablar... Ah o günlər!
O çıxışlar, alqışlar, saysız-hesabsız təriflər, medallar, diplomlar, fəxri
fərmanlar, şöhrət ordenləri... Sovet dönəmində partiya haqqında yazdığı
poemanın palaz-palaz səhifələri hələ də evində dururdu... Amma beş yaşlı nəticəsinin onun yatdığından
istifadə edərək həmin saralmış vərəqlərdən bir neçəsindən gəmi düzəldib çaya atdığından
xəbərsiz idi. O, gənclik şövqündən yaranmış sözlərin ötürüldüyü vərəqlərin
çayın suları ilə axıb getməsini bilsəydi görəsən nə düşünərdi? Bu vərəqlərin
sakit çayda axıb getdiyi kimi, ömrünün də sakit, səssiz, xəbərdarlıq vermədən
yoxa çıxdığını, yəqin ki, anlayardı.
Bir dəfə evin tavanını rəngləyən usta taxçadakı qəzet səhifələrindən birini
cırarıb özünə papaq düzəltmişdi. Rəng damcıları başına dəyməsin deyə zərif qəzet
vərəqlərindən özünə dəbilqə hazırlayan usta necə böyük cinayət işlədiyinin
fərqində deyildi. Bunu görən yaşlı ədib onun üstünə elə qışqırmışdı ki, ətrafdakı
qonşular bir neçə dəqiqəyə evə doluşmuşdular. Yaşlı ədib ustanı evindən
qovmuşdu, ona heç zəhməthaqqı da verməmmişdi. Səbəbi isə sevgilisinə yazdığı ilk şeirinin
həmin qəzetdə çap olan hissəsinin usta tərəfindən acımasızca cırılıb məişət
əşyasına çevirilməsi idi. Yaşlı ədib rəngə bulaşmış cırılmış qəzet parçasını
bağrına basaraq iki tərəfə açılmış nərdivanın üstündə oturub ağlamışdı da. O düşünürdü: “Yəni sözə heçmi dəyər verilmir?!”
Ona qalan yalnız prezident təqaüdü idi. Bu təqaüdlə özünü dolandırırdı.
Cavanlığında karyerası üçün canfəşanlıq göstərən bu ədib, quru adlardan başqa ona
heç nəyin qalmadığını anlamışdı.
Bu qoca kişini bəzən yaltaq da adlandırırdılar. Deyirdilər ki, yaşlı ədib gah Sovet
hakimiyyəti, gah onun süqutu, gah bir neçə dəyişmiş Azərbaycan prezidentlərini
çox tərif etmişdi. Bir sözlə, zəmanəsinə uyğun ədiblik siyasəti göstərmişdi. Bəlkə keçmiş dostlarının onun
qapısını daha döyməməsi, hal-əhval tutmamasının səbəbi bu idi? Lakin yaşlı ədib heç zaman bu haqda kiməsə
açıqlama verməmişdi.
O, bir çox məktəb və universitetlərdə dərs demiş, daha sonra Elmlər
Akademiyasında yüksək vəzifələrin birində işləmişdi. Tələbə və iş yoldaşları öz
aralarında bu yaşlı ədibə "qoca qurd" ləqəbini qoymuşdular. Bundan
duyuq düşən qoca “qoca qurd” adlandırılmasına fikir vermir, hətta bir az tərif
kimi qəbul edirdi.
Nə üçün yetişdirdiyi yüzlərlə tələbə, çayxanalarda yüzlərlə qəfədan çay içib
nərd oynadığı dostları onu tərk etmişdi? Onlar haradaydı? Hətta illər boyu
"Səni Fransaya aparacağam" - deyib lakin aparmadığı və uzun illərin
həsrətini qəlbinə gömərək özü də gömülüb torpaq altına səyahətə gedən Firəngiz
xanım da onu tək qoyub qeybə çəkilmişdir.
İndi onun əlində qalan, ona həmdəm olan bir noutbuk idi. O da İngiltərədə
hüquq işləri ilə məşğul olan, həmçinin əri ilə orada yaşayan qız nəvəsinin
hədiyyəsi idi. Yaşlı ədib bu noutbukdan istifadə etməyi də öyrənmişdi. Arabir
yazdığı əsərləri paylaşar, tutduğu vəzifə və nüfuzu sayəsində xeyli virtual
dostlara sahib olmuşdu. Yazılarının bəyənilməsi, şərhlərin yazılması, təriflərin
yağdırılması onu yaşadan yeganə səbəb çevrilmişdi. Əlini bu həyatdan üzmüş qoca,
ümidini yalnız virtual həyata bağlamışdı.
Virtual həyatda onun həqiqi kimliyi, daxilindəki arzuları heç kəs görmürdü.
O artıq kimə maraqlı idi ki? Kimə lazım idi? Bu yaşlı ədib gündəmdə qalmaq üçün
alətə çevrilmiş bəzi yaşlı ədiblərdən də yararsız halda idi. Onun qatarı artıq
getmişdi, məğlub olduğu real həyatdan uğur qazanmaq arzusu ilə ümid bəslədiyi
virtual dünyaya sarı şütüyərək internet relsləri üzərində “tak-tak” edirdi.
Həmin tələbələr, çayxana dostları, iş yoldaşları bəlkə də elə Firnəgiz
xanım da bu naməlum virtual dostlar əvəz
etmişdi. Ümidini üzünü həyatda görməyib, tanımadığı, lakin arabir "Əhsən
şair", "Halal olsun!", "Millətimin qəhrəman oğlu" və
s. kimi sözlər yazan naməlum şəxslərə bağlamışdı. Yenə də özünü tribunalarda
çıxış etdiyini, ona deyilən tərifləri və alqışları xatırlamışdı. Yenə də
şux qaməti, ütü çəkilmiş şax qalan libası, daranmış qıvrım saçları,
işım-işım işıldayan ayaqqabları var idi...
Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий