Əziz dostum, həyat
necə, dostmu sənə?!
Yadındamı, əziz
dostum,
İllər öncə biz yad
idik
Tanımırdıq bir-birmizi.
Elə, yenə nə sən məni
–
Nə mən səni
tanıyıram.
***
Bizim kimi
insanları müəllimlər də tanımadı.
Onların tək bildikləri
“sinifkomun”
otaqları gəzdirdiyi
jurnallarda
mürəkkəblə
xırda-xırda yazdıqları adımızdı.
Həm də, o cür
olurdu ki, Kərimovu soruşduqda
başqası tez dillənsəydi,
qane olardı müəllim.
Otur, – deyərdi
şagirdə...
***
Bizi məktəb
direktoru – o qadın da tanımadı.
Lap birinci sinif
olsun; ta sonuncu sinifədək
nə üzünü gördü sənin,
nə adını bildi sənin,
varlığından qafil
oldu.
Sənsə yaman
tanıyırdın məktəbmizin direktorun.
Bu adamın birmənalı,
o yeknəsəq duruşunu.
Tez-tez damdan güdərdin
sən
nə vaxt gedib yox
olacaq?!
Sən də gizləndiyin
yerdən cəld qaçarsan məhlənizə.
Amma yaman
qorxacaqdın; siqaretin tüstüsünün direktorun gözlərində
duman olub, buxar
halın almasından ürkək idin.
Sanırdın ki, tüstü
bir ox şəkli alıb cəld yerini söyləyəcək.
Sən də bu boz
tüstücüyə qəzəblənər, qapazlardın...
onu yaman çox vurardun
– ucalmasın, yerə girib batsın deyə.
Mən də sənin kimi,
dostum,
bu qadını, çox da
yaxşı tanımazdım,
fərqlənməzdi mənim
üçün məktəbdəki naməlum qara heykəldən.
O heykəlin adı nəydi,
kim idi o, bilirdinmi?
İnanmıram sənin
bundan bir xəbərin olmuş olsun.
Amma mənim təsəllim
var, o da budur:
Fond pulları yığılarkən
hər birimiz o qadının yadındaydıq.
Ancaq bizim adlarımız
fərqli idi: “Şirvan” idi, “Məmməd” idi...
***
Əziz dostum,
yadındadır, yerdə uzanıb qalaraq
bizə skamyalıq edən,
ağac gövdəsinin üstə yaslanaraq oturmağın?
Maraqlıdır, illər
öncə uşaqların dırmandığı, əvvəl isə,
çox güman ki, bu məktəbin
açılışında, hələ körpə bir zoğ kimi əkildiyi,
illər sonra bayramların
hansındasa alov üçün, tonqal üçün yandırılan nəsnə üstə oturmağın?
Çantan yox idi
yanında,
dörd-beş dəftər gətirmişdin,
dal cibində xəzinətək saxlayırdın.
Lakin
oturub-duranda ağac altda düşüb-qalmış olduğundan xəbərsizdin.
Yerə düşmüş dəftərlərdən,
birincinin üzərində bilmədiyin, tanınmayan bir müğənni şəkli vardı.
Bəs dəftərin içi
necə? Zahiritək gözəlmiydi? Nə vardı onun içində?!
Bilinmirdi, müəllim
də bilməyirdi, sən də bundan xəbərsizdin, mən də, inan, xəbərsizdim...
Heç bilmirdin bu dəftərə
nələr yazmaq lazım idi...
***
Oturmuşdun,
uşaqların oynadığı futbol sənə maraqlıydı, gözlərini zilləmişdin.
Axı, necə də
olmasın, onlar oynadığı topda;
dəqiqə-başı maşın
altda qalan topda;
böyüklərin: “Dayan,
bir az qoy çiləyim” deyə, bir şey bacarmayıb geri qaytardığı topda,
bufetmizdə kök
xalanın od qiymətnə sırıdığı ağ rəngli futbol topunda – sənin də zəhmətin
vardı. Çünki uşaqlarla onu bir yerdə almış idiniz.
Amma sən kənarda
idin, sənə qalan baxmaq idi. Oturmuşdun, növbə sənə çatacaqmı, bilməyirdin.
Hərdən dua edirdin
ki, kimsə ayağın əzəydi, bəlkə sən də qoşulardın bu oyuna.
Növbə sənə
yetişmirdi. Sənə qalan, yalnız əyri gedən topu uşaqlara vermək idi.
Sevinsən də, üzülsən
də ürəkdən edirdin bunu.
Vurmadığın qola
görə sevinmirdin,
olmadığın
komandanın uduzmağna ağlamırdın.
Sevincinin, kədərinin
mahiyyəti başqasının işi idi.
Əziz dostum, necə
oldu, qara bəxtin, ağardımı?
Yoxsa yenə bu həyatdan
öz növbənin çatmasını gözləyirsən?!
Yoxsa sən də fağırlığın
intiqamın qardaşından alardın, hə?!
Necə oldu, əziz
dostum?
***
Bilirəm ki,
qayğısını çəkdiyin o uşaqlardan bir çoxları adam oldu,
Bəziləri məmur
oldu, bəziləri, heç olmasa bircə işin ətəyindən yapışdılar.
Bəs sən, necə?
Nə etmisən?
Evləndinmi,
boşandınmı, ya hələ də subaysanmı?
Bəs bu həyat oynuyla
necədir aran, dostum, söylə;
içindəsən, çölündəsən,
topa nəzarət edirsən, yoxsa oyuna baxmaqdan məhrum qaldın yenə də sən, yoxsa hələ
də özgənin qapısından keçən topları sayırsan?
***
Əziz dostum, biz nə
əvvəl zəngi duyduq, nə sonuncu zəngi duyduq.
Biz bilmədik həyatımız
neçə dərsdir. Birinci və axırıncı hansı dərsdir?!
Ucdan tutma
hamısına ya gecikdik, ya da bəhanə taparaq çıxdıq, qaçdıq kənarlara.
Dostum, bizim öz
oynumuz da olmadı.
Ya oynadıq özgələrlə,
ya da baxdıq oyunlara; arzuladıq ki, bizləri qəbul edib, özününkü eləyərlər.
Lakin bizim bu
arzumuz digəritək yana uçdu. Dirəkdən beş metr sola.
Biz dünyada
başqaları sevinsin qoy, rahat yaşasınlar onlar – deyib fəda etdik quru həyatmızı.
Nəticədə gözləyirik,
bir gün bizi məktəbdəki ağac kimi – tonqala nə vaxt atarlar.
Bizi əkdilər
ucalaq, bizsə kömür arzusunu qəlbimizə hopturmuşuq.
***
Bağışla sən əziz
dostum, getməliyəm.
Deyirlər zəng
vurulacaq. İndi sonuncu dərsimdir.
Zəngə də lap, çox
az qalıb. Beşcə nəfəs.
İmtahana da az
qalıb; hazırlaşmadığım şeyə.
Belə söylədilər mənə.
Salamat qal, əziz
dostum, əlvida!
Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий