Sənin qiymətin neçəyədir?

Bir gün Ustadın yanına bir gənc oğlan gəlib, dedi:
- Özümü yazıq, bədbəxt və lazımsuz hiss edirəm. Daha yaşamaq istəmirəm. Hər kəs məni fərsiz və maymaq sayır. Mənə kömək edin.
Ustad dedi:
- Oğul, bağışla, indi kömək edə bilmərəm. Zəruri işim var. Lakin mənə kömək etsən, mən də sənə öz işində kömək edərəm.
-  Baş üstə, Ustad! - deyə donquldandı və düşündü ki, yenə də onun bəxti gətirmədi, onu ikinci plana atdılar.

- Mənə qulaq as - Ustad çeçələ barmağından bir üzük çıxartdı – Bunu bazar meydanına aparmalısan! Borcumu qaytarmaq üçün mən bu üzüyü satmalıyam. Çalış, üzüyə görə daha çox qiymət əldə edəsən. Amma məbadə onu tələsik satasan. Öyrən gör buna nə qədər verirlər. İstəyirəm, bu üzüyə ən azı bir qızıl versinlər.
Gənc bazara yollandı. Üzüyü tacirlərə göstərirdi. Əvvəlcə hamı maraqla üzüyə baxdılar. Amma qızıl pulun adını eşidən kimi üzüyə maraqları itir, kimisi gülür, kimisi də sadəcə üzünü çevirib gedirdi. Bir yaşlı tacir çıxıb, ədəb-ərkanla ona izah etdi ki, qızıl pul bu üzük üçün olduqca bahadır. Buna yalnız mis pul verərlər, ya da nadir halda gümüş pul düşə bilər. Bunu eşidən gənc kədərləndi. Bütün bazarı dolaşdı. Lakin suyu süzülə-süzülə dala qayıtdı.
- Ustad mən sənin göstərişini yerinə yetirə bilmədim. Ən yaxşı halda, buna görə bir neçə gümüş pul verərdilər. Amma qızıl pul vermələri mümkün deyildi. 
- Çox zəruri söz dedin, oğul, Üzüyü satmazdan əvvəl, yaxşı olardı ki, onun həqiqi qiyməti təyin olunsun. Bunu zərgərdən daha yaxşı kim edə bilər?! Get zərgərin yanına, gör bu üzüyə nə qədər verər? Amma nə desə də üzüyü satma, mənə gətir.
Gənc zərgərin yanına yollandı. Zərgər bir müddət zərrəbinlə üzüyə baxdı. Sonra onu balaca tərəzidə çəkib, dedi:
- Ustada de ki, buna 50-dən çox qızıl pul verə bimərəm. Ancaq bir az vaxt versə 70 qızıl verərəm.
- Yetmiş qızıl?! - gənc gülüb, sağollaşaraq dala qayıtdı.
Müdrikin yanına gəlib məsələni danışdı. Müdrik dedi:
- Qulaq as, oğul, səni də bu üzük kimi yalnız həqiqi mütəxəssis qiymətləndirə bilər. Bəs nə üçün sən bazar içində gəzir və ilk rastına çıxan adamdan səni qiymətləndirməsini gözləyirsən?

Комментариев нет:

Отправить комментарий