
Bu gün işdən bir-iki saat tez çıxmağım
üçün icazə almışdım. Səbəbi isə dostlarım idi. Aramızda sözləşmişdik ki,
"Kubok" çay evinə gedib həm dincələk, həm də Çempionlar Liqasının
final oyununu bərabər izləyək. Bəxtimdən müdir icazə almağımı da pis qarşılamamışdı.
Hər şey əla və öz yerində idi. Qulaqcıqları qulağıma taxaraq cibimdən
telefonumu çıxardım və könlüm istəyən musiqini seçib dinləməyə başladım. Hava
da könüloxşayan idi. Yaxşı ki, işə gələndə bir paket ağ tum almışdım. Bir yandan musiqi,
bir yandan tum - bir sözlə, öz aləmimdə idim. Metroya getmək üçün tini dönmək
qərarına gəldim. Birdən gözüm camaat arasından mənə tərəf gələrək, kitabın arxa
tərəfini oxumaqla məşğul olan bir sarışın qıza sataşdı. Qız o qədər maraqlı
görünürdü ki, qulağımdan çıxan qulaqcıqlardan da bixəbər olmuşdum.
- Ay xanım, görmədim də. Bağışlayın. Üzr
istəyirəm.
- Qanmaz, bağışlamağa heç nəyim yoxdur.
-deyib əlindəkiləri toplayırdı ki, birdən rəngi daha da dəyişdi. Aman Allah,
yekə sensorlu telefona oxşayan bir şeyi yerdən qaldırıb həm ona, həm mənə baxıb
qışqırdı:
- Heyvan,
neynədin? Ay da.
- Noldu ki, xanım?
- Canına azzar
oldu. Aypədimin (iPad) ekranı xıncım-xıncım oldu. Ay Allah. Mən nə edəcəm indi?
-deyib, ayağımdan dikdaban ayaqqabısı ilə bir təpik ilişdirdi. Ağlım başımdan
çıxdı. Aypəd nə idi görəsən? Bəlkə dükandan almaq olar? Nə bilim, nə deyəcəkdim
mən indi ona? Bəlkə bahalı şeydi, nə bilim, amma onu almağa da pulum çatmazdı.
Onsuz da çayı almaq üçün ortalığa pul atmağa pulum güclə çatırdı. Amma nədənsə,
çarə yolunu tapdım. Qaçmaq!
Qızın növbəti
sözünü ağzında qoyaraq qaçmağa başladım. Var gücümlə qaçırdım. Yeriyən
insanlara dəyə-dəyə bir təhər maşın yolunu da keçdim. Heç arxama da baxmadım.
Sabahı gün oradan
keçdikdə, avtodayanacaqda maşınların parkinq etməsi üçün nəzarət edən əmi mənə
vəziyyətin ağır olduğunu söylədi. Qızın atası və qardaşları məni axtarırdı.
Allah şeytana lənət etsin! Nə zibilə düşdüm mən?! İndi işə necə
gəlib-gedəcəkdim? Allah bəlanı versin ay Məzahir, sənə lazım idi romantika?
Sənə lazım idi sevgi? Bu da sevgi qığılcımlarının nəticəsi. Çək cəzanı! Səni
Aypədə qalasan ay Məzahir!
PS: Bu əhvalat baş
vermiş əhvalatlardandır. Dostlardan biri mənə danışdı. Mən isə sadəcə
bədiiləşdirdim.
Fərid
Abdullah
Комментариев нет:
Отправить комментарий