Arabir gecə vaxtları atamın yatdığından
istifadə edərək ciblərini eşələyir, maşınının açarını götürürdüm. Daha sonra
sakitcə həyətə enərək maşına minib, Bakının yatmış halından istifadə edərək,
sakit və işıqlı yollarla ora-bura şütüyürdüm. Daha sonra maşını yenidən yerində
saxlayıb, açarları şalvarın cibinə qoyurdum. Hələ ki, bir dəfə də olsun atam
tərəfindən tutulmamışdım. Mənə elə gəlirdi ki, kişinin bundan xəbəri var idi,
sadəcə olaraq səsini çıxartmırdı. Çünki, əsgər getməyimə sayılı günlər qalırdı.
Bu günlər mənim üçün Cənnət dəqiqələri idi. Buna görə səhərlər yastığımın
altında bir neçə dəfə pul da tapırdım. Bilirdim ki, kişinin işidir.
Bu dəfə də şəhərdə maşın sürmək fikrinə
düşdüm. Yenə də həmişəki kimi etdim. Açarları sakitcə götürərək aşağı endim,
mühərriki işə salıb yola düşdüm. Yarım saat olardı ki, sürürdüm. Birdən restoranların
birindən kök bir kişinin çıxıb mənə əl edərək "Əəə, saxla, saxla!" -
deyə qışqırdığını gördüm. Onsuz da evə qayıdırdım, bəlkə taksi bilib məni?
Eyibi yox, 5-10 manat qazanıb sonra gedərəm evə - deyə öz-özlüyümdə
fikirləşdim.
Kök kişi maşının qapısını açıb güc bəla
ilə salonda özünə yer etdi. Ağzından "Şampanzavod" iyi gəlirdi.
Ürəyim də lap ağzıma gəldi. Ay rəhmətliyin oğlu, adam da bu qədər içki içər?
Bir az da qorxurdum ki, qaytarıb edər, sonra mən nə edərəm?
- Buyur dayı, hara
gedirsən?
- Bala, buralarda
yaxın mehmanxanaların birinə apar məni.
- Baş üstə!- deyib
yola düşdük. Əlli metr sürmüşdüm ki,
- Əəə bir az yavaş
sür - deyib üstümə çığırdı. Axı mən normal sürətlə sürürdüm. Olmaya kişinin
gözünə holisunasiya görsənir?
- Baş üstə dayı.
İkiyüz metrdən
sonra kişi yenə də səsləndi. Bu səfər daha da bərk:
- Əəə, sənə
demədim ki, yavaş sür?
- Ay dayı, sən
Allah, axı, mən bərk sürmürəm.
- Mübahisə etmə!
- Baş üstə! -
deyib, yola davam etdim. Sərxoş adamdır, nə danışdığını bilmir. Düşünürdüm ki,
bu cür insanlarla mübahisə etməyə dəyməz.
Beş dəqiqədən
sonra səbrim daşmağa başladı, çünki kişi qulağıma elə çığırdı ki,
diksindiyimdən az qala maşını divara çırpacaqdım:
- Əəə səni dəvə
doğub? Ə küçük demədim yavaş sür?
Ay Allah, nə deyim
buna. Elə istəyirdim ki, dişimin dibindən çıxanı deyərək, onu maşından rədd
edim:
- Saxla əə, burda
düşürəm. Sənə pul zad düşmür. Davay, salamat qal, küçüyün biri küçük. - deyib
maşından düşdü. Qapını da elə çırpdı ki, səsi küçəyə yayıldı. Əsəbimdən maşını
sürüb getdim. Atam yaşında kişi idi, onunla nə mübahisə edəcəkdim ki? Olan
qalan abrımı da aparsın. Hələ də üstəlik sərxoş idi. Nə isə, pul da verməmişdi.
Artıq evə
çatmışdım. Arxaya baxdım ki, görəsən qusub etməyib ki? Birdə oturacaqda qalmış
pul cüzdanı gözümə sataşdı. Əl atıb götürdüm. Açıb içinə baxanda, gördüklərim
məni dəhşətə gətirdi. İçində 325 manat pul, bir-iki hesab kartı, şəxsiyyət,
sürücülük və bir də başqa bir vəsiqə var idi. O vəsiqəyə diqqətlə baxdım. Kişi
rayonların birində Notariat konturunun şöbə müdiri işləyirdi. Bəxtimdən orda
kişiyə aid vizit kartları da var idi. Əsəbimdən yerimdə dura bilmirdim.
İstəyirdim ki, pulları götürüb cüzdana od vurum. Amma lənət şeytana deyib evə
qayıtdım. Yerimdə uzanıb bir az düşündüm və yuxuya getdim.
Səhəri gün
dostumun mobil telefonunu götürüb gizlin nömrə ilə vizit kartındakı nömrəyə
zəng etdim.
- Alo, hə... - səs
eşitdim, dünənki səs olduğunu dərhal tanıdım.
- Salam dayı,
mənəm dünənki oğlan.
- Nə oğlan əəə?
- Dünən gecə
maşına mindiz ha, qara rəngli "KİA".
- Hə, yadıma düşdü.
O bərk sürən küçük? Nə var, niyə zəng vurmusan?
Əsəbimdən istədim
dəstəyi yerə qoyum. Səbr etdim:
- Kişi, dünən
cüzdanını maşında qoymusan. İstəyirdim sənə qaytarım. İçində sənəd-sünəd və 325
manat pul var idi.
- Əəə qoduğ, sən
küçüklükdən əlavə oğurluğu da bacarırsan? Tez ol qaytar cüzdanımı. Orda 325
manat yox, 2500 manat pul var idi. Hara oğurlamısan pulları? Əəə sən məni
tanıyırsan? Qulaqlarıvı kəsərəm sənin küçük. Oğru dələduz.
- Ay kişi sən nə
danışırsan? Oğurlasaydım heç zəng vurardım?
- Səsini kəs! -
axıra qədər qulaq asmadan telefonu qapatdım.
Mən bundan birdəfəlik canımı qurtarmalı
idim. Yuxarıda bir poçt var idi, piyada gedərək gəlib poçta çatdım. Orada
cüzdanı pul qarışıq paketləşdirdim. Üstünə vizitkada yazılmış ünvanı və ətraflı
məlumatları yazıb rayona göndərmək üçün sifariş etdim. Dərindən bir nəfəs
aldım. Başımdan rədd etmişdim artıq. Qapıdan çölə çıxıb evə getmək istəyirdim
ki, poçtun yuxarı mərtəbələrində eyvanların birindən iki kişinin mübahisə
etdiyini gördüm. Səsləri ətrafı bürümüşdü. Onlardan birinin səsi isə mənə daha
tanış idi. Bu həmin kişi idi. Özümü biruzə vermədən sakitcə yoluma davam etdim.
Mənə elə gəlirdi ki, bəlkə də o kişi həmin məbləğdə pulu xərcləmişdi və ya
itirmişdi... Nə bilim. Bəlkə də böhtan atırdı. Amma mən boynumda olanı
etmişdim. Hər nə olsa da.
PS: Bu olmuş bir
əhvalatdır. Dostlardan birinin başına gəlib. Mən o əhvalata bir az dəyişiklik
edib, bədiiləşdirdim.
Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий