Bir şəhidin doğmalığı



Fevral ayının əlamətdar günlərindən biri də ömrünün gənc çağlarında özünü vətən uğrunda fəda edərək şəhid olmuş gənc Mübariz İbrahimovun doğum günüdür. Bu günün özünəməxsus özəlliyi, doğmalığı var. Acınacaqlı olsa da deməliyəm ki, Mübariz illərdir yuxuya getmiş gözlərimizi açdı, uçub-dağılmış arzularımızı inşa etdi, sönmüş ümid şamımızı yenidən yandırdı. O hamının ömrünü sərf etdiyi istiqamətə getmədi, könüllü surətdə fitrəti üzrə hərəkət etdi.
Mübariz nəinki düşmənə qarşı olan mübarizədə, hətta bu həyat mübarizəsindən də üzüağ çıxdı. Təsəvvür edin, əsgər ölümləri, hərbi xidmət sıralarında özbaşınalıq, “dedovşina” adət-ənənələri sürən bir zamanda həyata yeni nəfəs açdı. Elə bilirsiz ki, son zamanlarda “Əsgər ölümü” sürətlə yayılmaqdadır?! Xeyr, elə o zamanlar da köhnə hamam, köhnə tas sindromu davam edirdi, bununla bərabər xalqın mübarizə ruhiyyəsi də şaxtalı qış gecələrində donub-qalmış su misalındaydı. Bu suyu yenidən canlandırmaq üçün, qarlı havanın hökm sürməsinə baxmayaraq, külünglə yarmaq lazım idi. Mübariz bunu bacardı.

Bu həyatda kamil bir hədəfə çatmaq üçün bir yol yoxdur. Yollar insanların sayı qədərdir. “Həyat mübarizədir və bu mübarizədə güclülər yaşayır” – prinsipi əsasında zəiflər məhv edilir və dünyada diktaturalıq hökm sürür. Xeyr, bu fikr tamamilə başqa cür təsvir olunub. Bu həyatda güclülərin yaşadığı düzdür, lakin zəifi əzərək güclənən deyil, güclənmiş zülm və əngəl yaratmış problemlərlə mübarizə aparan şəxs güclü hesab edilir. Güclü kəs zəifi əzib-tapdalayn deyil, zəifin əlindən tutub qaldıran kəsdir. Güclü kəs qorxunun üzərinə gedən kəsdir. Güclü kəs özünü deyil, bir milləti, xalqı düşünən kəsdir. Güclü kəs müqəddəs niyyət uğrunda ona ən dəyərli olan canını belə qurban verməyə hazır olan kəsdir.
Qəhrəmanlar yalnız döyüş sahələrində olmur. Qəhrəmanlar həyatın bütün kriteriyalarında var. Səhər işə gedib, axşam evə qayıdaraq, ev işləri görən, ərinə, övladlarına qulluq edən bir qadın da qəhrəman hesab edilir. İnsan həyatının bütün sahələrində qəhrəmanlıq zirvəsinə çatmalıdır. Bu da şərəfli ömürün bəhrəsidir. Ağacı başsız buraxaraq, ondan səmərə almaq istəyənlər axmaq insanlardır. Zəhmət və təşəbbüs göstərərək, hər bir zəhmətə-möhnətə qatlaşaraq ömür ağacını bar vermə mərhələsinə çatdıranlar isə qəhrəmandılar və bu günkü gündə bu qəhrəmanlara ehtiyacımız var, ən azından gözümüzün önündə olmalarına.
Mübariz həmin qəhrəmanlardan idi. Çünki hamı bacara bildiyini etmədi, yalnız az insanların bacara biləcəyini etdi, qəhrəmanlıq göstərdi. Ona görə də qəlblərimizdə özünəməxsus yerini tutdu və Tanrı onu qəlbimizdə yaşatdı. O, bizim üçün doğma oldu, qəlblərimizə təsəlli, düşmənə gözdağı, xalqa isə ümid verdi.
Bax, buna görə də Mübarizin doğumu da, şəhid olması da bizim üçün əzizdir. Çünki o, təkcə ana və atasının deyil, həm də bütün Azərbaycan xalqının övladıdır.
Fərid Abdullah


Комментариев нет:

Отправить комментарий