Hər yan ağ rəngə bürünmüşdü. Yer öz üzərinə ağ yorğan salaraq üzərində həkk olmuş müxtəlif izləri gizlətmişdi. Gecənin qaranlığında müşahidə edilən bu bəyazlıq küçədə utancaq adamlar kimi başını yerə dikmiş işıq dirəklərindən ətrafa yayılan işıq yerdəki qara toxunarak əks olunur və göz qamaşdırırdı. Əsən zəif külək yerə yığılmış qar topasını kənara səpələyirdi...
Kimsəsiz küçələrin birində tək-tük evlərin küçə qapılarının üzərində yanan işığın şüaları bu qapılardan birinin kandarında oturan bir kişinin cüssəsini işıqlandırırdı. Kişi tərpənmirdi. Kənardan belə görünə bilərdi ki, o kəskin şaxtaya görə tərpənmir. Lakin belə deyildi. Topa-topa yağan qar bu kişinin paltarını da dümağ etmişdi. Bəzən adama elə gəlirdi ki, o qarın onun üzərində yaratdığı “əsəri” pozmaq istəmir.
O, başını aşağı dikmiş, sükut içində sanki qəlbinin döyüntüsü ilə qarın yağması arasında ahəng axtarırdı.
Saat 00:30 olardı. Qaranlıqda getdikcə böyüyərək gözləri qamaşdıran iki işıq göründü. Yaxınlaşdıqda məlum olurdu bu, maşının qabarit işıqlarıdır. Qarı əzə-əzə xırıltı səsi çıxararaq yaxınlaşan maşın çatıb dayandı. Maşının qapısı açıldı. İçindən düşən yorğun, bəstəboy kişi qapını bağladı. Sonra geri çevrilib bir də yoxladı. Əmin oldu. İrəli gəlib evinin qapısının ağzındakı qar topasını görüb donquldandı. Ayağı ilə təpikləyib qarı o yan-bu yana səpələdi ki, qapının girişi təmizlənsin. Axırıncı təpiyi daha ürəkdən atdı və ayaqqabılardan uçuşan qar parçalarının ardınca baxdı. Qapını döydü, lakin açan olmadı. Təkrar döydü. Ancaq açılmadı. Nə qədər döysə də qapını açan olmadı. İçəridə sönmüş işıqlardan bəlli idi ki, evdəkilər yuxuda idi. Əlini cibinə atıb mobil telefonunu çıxartdı. Sonra qulağına tutdu:
– Zatuva nəhlət! Balansınız kifayət qədər deyil! Eh! – deyə, qəzəbləndi. Sağ tərəfə çəkilib topa qarın içinə girdi. Küçəyə baxan pəncərəni taqqıldatmağa çalışdı. Cavab verən olmadı. Bir az da bərk döydü: – Ağəz, Gülzar! Auu! Gəl aç da bu sovxaya qalmış qapını! Dondum axı...!
Evin işıqları yandı. Pəncərənin pərdəsi kənara çəkildi və gözüyuxulu olan bir qadın oradan boylandı. Bir az da əsəbiləşən kişi dedi:
– Nə marıtddıyırsan üzümə, bilmirsən işdən gələcəyəm? Dur aç qapını. Tez ol da, üşüdüm!
Pərdə cəld öz əvvəlki vəziyyətini aldı. Kişi arxaya çəkilmək istəyərkən ayağı sürüşdü və yerə yıxıldı. Keçəl başı yarıya qədər qarın içinə batdı. Yada-gümana gəlməyən üç-dörd söyüş söydükdən sonra bir təhər ayağa qalxıb üst-başını təmizlədi və qəfil gözü qonşu qapıya sataşdı və həmin kişiyə – qardan görünməz olan kişiyə.
– Muxtar məllim, sənsən?
– Bəli, mənəm – deyə, üzünü ona tərəf çevirən kişi cavab verdi.
– A kişi, qışın oğlan çağında burda niyə oturmusan? Nolub, sən Allah?
– Heç, ay Elbrus kişi. Sağlığın!
– Bəs evə niyə girmirsən?
– Həyat yoldaşıma demişdim ki, 11-də işdən çıxıb gələcəyəm. Mən isə gecikdim. Evin işıqlarının sönmüş olduğunu gördükdə anladım ki, yoldaşım yatıb. Onu durquzmağa əlim gəlmir.
– A məllim, nə var ki burda? Hıy? – deyə, Elbrus başını irəli uzatdı. – Mən də işdən gəlirəm. İndi evdəkilər yatıb deyə, bayırdamı gecələməliyəm? Sən Allah, gör nəyi şişirtmisən.
– Yox, Elbrus kişi. Axı mən dediyim vaxtda gəlməmişəm. Yazıq, yəqin ki, məni gözləyərək yatıb. Ya da elə bilib ki, gəlməyəcəyəm.
– Gəl keçək bizə. Çay-zad iç, qızış. Lap qaradama oxşayırsan...
– Çox sağ olun, bura da yaxşıdır. Sizi narahat etməyim.
– Əşi, nə narahatçılığı?! İstəmirsənsə, maşının açarlarını verim otur maşında. Ora istidir.
– Yox, təşəkkür edirəm. – Elbrusgilin qapısı açıldı. Şala bürünmüş arvadı bir ərinə, bir də qonşusuna gözünü qırpa-qırpa baxırdı.
– Bax da, necə istəyirsən. – deyə, Elbrus arvadını itələyib içəri keçdi.
Qapı bağlandıqdan sonra hər şey əvvəlki halına döndü. Sakitlik və səssizlik. Qısa sürən dialoq Muxtar müəllimin içindəki vicdan əzabını yüngülləşdirə bilməmişdi. O göyə baxıb, başını aşağı dikdi və ah çəkdi. Ağzından çıxan buxar havaya qalxır və gözdən itirdi. Çox keçmədi ki, Muxtarın arxasındakı qapı açıldı. Lakin fikrə getmiş Muxtar bunu hiss etmədi. Qapının arxasından ahəstə səs eşidildi:
– Muxtar? – Hökm sürən sakitlikdə bu səs adi insanların səsi kimi səslənirdi. Qapıdan tələsik çıxan həyat yoldaşı onun üstünə atıldı. – Sənə qurban, bəs burda niyə oturmusan? Başına dönüm, məni niyə durquzmamısan? Ay-vay! Allah məni öldürsün!
Muxtar bir anlıq özünə gələrək ayağa qalxdı. Üzərinə yığılmış qar topaları ətrafa səpələndi. Həyat yoldaşının hərarətli nəfəsini duyar-duymaz həyəcanlandı:
– Bağışla məni, sözümün üstündə durmadım. Gecikdim və səni yuxudan oyatdım.
– O nə sözdür, əzizim, sən məni bağışla ki, yuxu məni aparıb, səni gözləyə bilməmişəm.
Bir anlıq sükut çökdü. Lakin qəfil səslənən gülüşlər ətrafa yayıldı. Hər ikisi qucaq açıb bir-birilərini qucaqladılar. Muxtarın soyuqdan buzlaşmış nəfəsi qızışdı.
Artıq qar dayanmışdı. Göy üzündə ay – aydın şəkildə görünür və aşağı boylanırdı.
Fərid Abdullah
Mən çox yalnış bir adamdım ... Yanvar ayında Dr. Obodo mənim üçün Avstriyalı bir qadın tapmaq üçün bir sehr çəkdi. Mart ayının ilk bazar günü mən gözəl Vyetnamlı qadınla görüşdüm. Biz altı həftə məşğul idik və növbəti il evləndik. Dr.Obodo mənə dreams.visit Dr.obodo Via xanım verdi.
ОтветитьУдалить(templeofanswer@hotmail.co.uk)
(whatsapp +234(815) 542-5481)
Bloomington, MN