
Novruz bayramı qədim bayramlardan biridir. Biz hər il bu bayramı sevinclə qeyd edirik. Bu bayram hardasa qanımıza işləmiş bir bayramdır ki, sərbəst və ixtiyari şəkildə onu sevə-sevə keçirtmək niyyətindəyik.
Amma bəzən də bu cür olur ki, insan hər hansı bir ideologiyaya mənsub olur və bu cür bayramların keçirilib, keçirilməməsində tərəddüd edir. Bunu ya müsəlmançılığı ya millətpərəstliyi, ya da başqa ünsürlərə səbəb bilir. Amma məsələni tam dəqiqliklə araşdırdıqda, bayram keçirtməyin bir problemi olmadığını görürük.
İstər dini cəhətdən olsun, istər millətçilik cəhətdən olsun, istər dövlətçilik cəhətdən olsun, mən daha çox İslam dini cəhətindən məsələyə yaxınlaşmaq istərdim, çünki bu istiqamət olduqca həssasdır.
Bəziləri iddia edir ki, bayram qeyd etmək üçün hökmən ya Quran ayəsi, ya da peyğəmbərdən bir hədis nəql olunmalıdır. İslam dini insanın həyati cəhətlərini əhatə edir, onun hüquq, əxlaq, ideoloji tərəflərini inkişaf etdirib, kamilləşdirir. Amma onu da nəzərə alaq ki, İslam dini bu nizamı qurmağa elə də vaxt tapmadı. Daim təzyiq, təqib, zorakılığa məruz qaldı və əsas təməl prinsiplərini qoruyub saxlamaq məcburiyyətində qaldı. Lakin İslamın parlaq əsrinə diqqət etdikdə görürük ki, İslam onun prinsiplərinə - yəni tövhid anlayışına zidd gətirməyəcək heç bir adət-ənənəni rədd etmir.
O zamanlar İslam qoşunu məntəqələrə daxil olduqları zaman, məgər xalqın adət-ənənəsi, milli məfkurəsinə təcavüzmü edirdilər? Əlbəttə xeyr, bu məfkurə İslam prinsiplərini tapdalayıb, hörmətsizlik etmirsə, barış, xeyirxahlıq, mərhəmət saçırsa niyə də rədd edilməlidir?
İlk əvvəl onu deyim ki, bayram qeyd etmək heç də qəbahətli bir iş deyil. Həm də, bayram prinsipi İslamda var, lakin Novruz İslam bayramıdırmı? Əlbəttə xeyr. Bizim qeyd etdiyimiz bayramların əksəriyyəti İslamda yoxdur və buna baxmayaraq, onları qeyd etməyin heç bir problemi yoxdur. Əgər biz iddia etsək ki, İslamda analar bayramı var, bu bayramı İslam adına yapışdırdığımız üçün səhv edərik, nəticədə bidət yaranar ki, qəbahətli işdir. Biz diqqət etməliyik ki, görəsən bu bayrama İslam təlimləri dəstək verirmi, ya yox? Bəli, məsələyə bu prizmadan baxsaq, görərik ki, təbii olaraq İslam dini bu cür məsələləri dəstəkləyir. Amma durub İslam dinində analar bayramının qeyd olunmasını axtarsaq, tapa bilməyəcəyik. Bəzi skeptik insanlar iddia edəcək ki, əgər bu bayram İslamda yoxdursa, biz bunu niyə qeyd etməliyik? Bu isə əvvəldə qeyd etdiyim kimi, məsələyə yanlış istiqamətdən yaxınlaşmanın nəticəsidir.
Novruz bayramı qədim bayramdır. İslamın zühur etməsi zamanı da var idi bu bayram. Əldə olunan hədislərə əsasən bu bayram haqqında kifayət qədər müsbət fikirlər söylənilmişdir. Amma bu hədislərin araşdırılması barəsində dəqiq bir mətləb yoxdur. Din alimlərimiz də təsdiq edir ki, bu bayram tövhid inancına xələl yetirməyəcəyi təqdirdə, xeyir məqsədilə keçirilə bilər. Lakin bunu dinin adına sırımaqdan bizi çəkindirirlər.
Nəticə etibarilə onu qeyd edim ki, Novruz dini bir bayram deyil, bunun İslamla bir aidiyyatı yoxdur. Novruz bayramını İslam dini ilə əlaqələndirmək, müqayisə etmək addımı yanlışdır. Fəqət Novruz bayramına İslam dininin əsasları dəstək verirmi - bucağından məsələyə yanaşmaq düzgündür və bu zaman tövhid təməlinə zərər yetirmədiyi təqdirdə bu bayramı qeyd etməyə bir maneə tapa bilməyəcəyik. Tərkibində xeyirxahlıq, şəfqət, yardım, məhəbbət, sileyi-rəhm, sülh, barışıq və s. müsbət əxlaqi keyfiyyətlər olan bir bayramı İslam dini hər zaman alqışlayır və dəstək verir.
Əziz həmvətənlər, müsəlman bacı və qardaşlarım, sizləri Novruz bayramı münasibətilə təbrik edir, həyatınızda, əxlaqınızda, əqidənizdə daim yaz təravətinin hiss olunmasını, yaşamasını Ulu Tanrıdan diləyirəm. Bayramınız mübarək olsun!
Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий