GÜLÜMSƏYƏN QIZ

Bu yazını ikinci dəfə, təkmilləşdirərək siz oxuculara təqdim edirəm.

Gülümsəyən qız hər gün ən azı bir rəsmini paylaşır. O, hər şəklində gülümsəyir, sadəcə gülümsəyir.  Bu gülüşün səbəbini özündən başqa heç kəs bilmir. Hamı onu şən, zarafatcıl, istiqanlı biri kimi tanıyır, onun arabir səbəbsiz küsməsi də heç kəsdən gizli deyil. Hər adamla ünsiyyət qurmur, hər adamla oturub-durmur. Onun öz dünyası var və həmin dünyada xəyali varlıqlar yaşayır.

Gülümsəyir, heç nə baş verməmiş kimi... Bu təbəssüm bir qaladır. Bir çox həqiqəti Çin səddi kimi qalın divarlarının arxasında gizlətmişdir. Atasının təqaüdə çıxması, anasının məktəbdə rüşvətxor fəaliyyəti (anasına “pulgir Şokət” də deyirlər), qardaşının institutdan qovulması, digər qardaşının fərarilik üstündə həbsxanada yatması bu təbəssümün arxasında yoxa çıxmışdır.

Onun gülüşü eynən reklam çarxlarını, dükanların çirkli pəncərə şüşələrindən yarıyapışmış diş pastasını tərənnüm edən şəkilləri yada salır. Bu gülüşdə tarixin süzgəcindən keçə bilməyən nakam rəsm xronologiyası var. Orada nə gizlənmir ki? Bu şəkillər arasında təfəkkür, kədər, marağı əks etdirən bir şey yoxdur. Şəkil kimi çəkilməsə də, gülümsəyən qızın qəmgin portreti görən yeganə varlıq evdəki Məstan adlı pişikdir. Yemək qalıqlarını oğurlamaq  üçün mətbəxə soxulan təcavüzkar pişik, bu qızın gizlində oturub necə ağladığının şahidi olmuşdur, həm də dəfələrlə. Öz işində olan pişik, bu mənzərəni vecinə almır, oğurluq etdikdən sonra təşəkkür əvəzi evi də murdarlayardı...

Gülümsəyən qız... Özünə çox vurğundur. Afrodita zənn edir özünü. Şüuraltısına təlqin edib ki, yer üzünə nazil olmuş ilk və son huridir. Səhər-axşam, saatlarla güzgü qarşısında o yan-bu yana gedib-gəlir, özünə tamaşa edir. Kəşf edilməmiş yeni ərazilərdə axtarış aparan Magellan və Kolumb kimi, o da öz bədən xəritəsinə baxış keçirir. Anasından xərclik üçün götürdüyü pullarla bahalı kremlər, balzamlar alıb, özünü daim xoş rayihələrdə saxlamağa çalışır. Bir dəfə atası gülümsəyən qızın ad gününü unutduğuna görə, həyatdan, hamıdan intiqam almaq üçün Kleopatra kimi özünə qəsd etmək istəmiş, lakin bədii əsərlərdəki səhnəni yarada bilməyəcəyindən məyus olaraq bu fikrindən vaz keçmişdi.

Gülümsəyən qız... Bu dünyada ona heç kəsin layiq olmadığını düşünür. Tez-tez rəfiqələri ilə bu haqda danışır. Tanrı tərəfindən lənətləndiyini sanır, axı o təkdir. Misilsiz bir sədəf, inci... Okean dərinliklərində boz torpaq qatı altında gizli qalmışdır... Bu dünyada ən ideal, yaraşıqlı və cazibədar olduğunu düşünür, bu acı gerçəkliyi ara-sıra təbəssümündə ifadə edir... Gülümsəyir, sadəcə gülümsəyir.

Gülümsəyən qız... Tənqidi əsla qəbul etmir! Tərifi isə çox sevir. Layiq olduğu tərzdə tərif ikram edən kəsə daha çox təbəssüm edərək "Çox sağolun, minnətdaram!" - deməyi çox sevir. Bu azdır, daha artığını istəyir... Ayaqlarından qızıl səpilən antilopdan “Bir az da, daha da istəyirəm!” deyən Rac kimi sakit dura bilmir. İstəyir ki, ona ağıla-gümana gəlməyəcək təriflər deyilsin. Şablon, hamıya söylənən təriflər yox! Eksklüziv, xüsusi... Hər kəsə deyilən təriflərin ona söylənilməsini təhqir kimi qəbul edir. Nə edək, istəmir...

Gülümsəyən qız... O, ailə qurmaq, ərin sözünə qulaq asmaq, dünyaya övlad gətirmək, doğmaların qayğılarını çəkmək kimi fikirləri absurd hesab edir. İyirmi iki yaşına çatıb, hələ də, evdə valideyinlərinə bir stəkan çay da süzməyib. Valideynlərindən şikayət edir, hər zaman...  Guya ona qarşı qayğılarını əsirgəyirlər, ən azından iddiası belədir. Bu qız ailəsini gülümsəyərək lənətləyirdi.

Gülümsəyən qız... Gülümsəyir, gülümsəyir, yenə də gülümsəyir... Yaz aylarında səngimək bilməyən çiskin kimi zəhlə tökür, durmaq bilmir, gülümsəyir. Nə gülür, nə ciddi sifət alır. Gülümsədikcə həyatın ona nələr hazırladığından xəbərsizdir, həyatın ona qarşılıq olaraq gülümsədiyini sanır. Anlamır ki, həyatın insana qəhqəhə çəkərək istehza etməyi də var...

Bir zaman bunları yazdığımı xatırladım. Buna dejavü deyirlər. Zehnimə gələn kimi mən də gülümsəyən qız kimi gülümsədim.

Fərid Abdullah

Комментариев нет:

Отправить комментарий