Qəfil zəng (hekayə)

Qulağıma gələn səs daha da gücləndi. Artdı, artdı. Billmirdim nə səs idi. Amma beynimi çəkicləyən səsin telefonumdan gəldiyini anladım. Zəhirmara qalsın, hər dəfə bu zəngi dəyişdirmək istəyirdim. Lakin sonra dəyişərəm deyib, yadımnan çıxırdı. Nə isə... Söyə-söyə yuxudan ayılıb, nömrəyə də baxmadan dedim:
- Alo...
- Zəhirmar alo, çor alo. Niyə zəngimə cavab vermirsən?
Tanımadığım bir qadın səsi idi. Təxmin etdim ki, hardasa 35-40 yaşı olardı.
- Ay anam-bacım, kimə zəng vurmusan?
- Tanımadın məni? Yadunnan çıxıb ki zənginə, mesajına cavab vermiyəndə it kimi sürünürdün?
- Əstafrullaaa!!!
"Adboy" verib, yerimə uzandım. Sağa baxdım. Yatmışdı. Şükr Allaha - deyib gözümü yumdum. Zırrr-zırrr... Yenə də zəng gəldi. Telefonun səsini alıb gözümü yumdum. Uşaq kimi yatmaq istәdim. Əmin olmaq üçün bir daha gözümü açıb yaxşı-yaxşı baxdım. Həəə... Yatmışdı.
Səhər heç nə olmamış kimi durdum. Sözün doğrusu yadımdan da çıxmışdı ki, gecə nə olmuşdu. Yemək də yemədim. Tez-bazar çölə çıxdım. Çünki işə gecikirdim. 

Dovşan (psixoloji hekayə)

(Ana, mən necə olmuşam?)

Bir gün balaca Səbuhi anasının yanına gəldi. Anasını əlində oxlov, nəsə ağ və nazik bir şeyin üzərində onu yuvarladan və enlədən gördü. Altı yaşı olardı, amma anasının işləri ilə heç maraqlanmazdı. Ana nə bişirir, necə bişirir, nə üçün bişirir, ata səhər hara gedir, nə üçün gedir... - bu suallar onu əsla düşündürməzdi. Həmin yaşda uşaqların öz dünyası olur. Xəyali dostları, düşüncələri... Oyuncaqlar onlarla danışır, ağaclar qulaqlarına pıçıldayır, heyvanlar da onlarla dostluq edərdi.
Lakin artıq illər keçmişdi və Səbuhini bütün bunlar daha ovutmurdu. Qəlbinə sıxıntı və kədər düşmüşdü. Xalası Kəmalənin onların evlərinə gəlişi Səbuhini kədərlə aşina olmağa vadar edirdi. Əvvəllər bunu hiss etmirdi. Sonra fərqinə vardı. Nə üçün belə olmuşdu? Kəmalə xala evə gələrkən 7 yaşlı oğlu Faiqi və 4 yaşlı qızı Fərqanəni də gətirərdi. Bu iki bala Səbuhi üçün doğmadan da doğma idi. Onlarla həvəslə oynayar, bolluca əylənərdi. Lakin onlar evlərinə çıxıb gedərkən özünü atılmış kimi hiss edər, arabir valideynlərinə küsərdi. Bu kədərinə görə bir-iki dəfə sevdiyi oyuncaqlarını divara da çırpmışdı.
- Ay ma!
- Caaan mama.
- Mənim qaqaşım hanı?